https://www.zirve.edu.az/
07.02.2019 14:03
AXC ilə bağlı bilik yarışması keçirilir - FOTOLAR     

Azərbaycan Gənclər Fondu və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bilik yarışması keçirilir.

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı qısa videoçarx nümayiş etdirilib. 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının İcraçı katibi Aytən Əliyeva çıxış edib.

Bildirib ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ilin iyun ayında təsis olunmuş beynəlxalq təşkilatdır.

“İttifaq yeganə platformadır ki, Avropadan, Asiyadan, Afrikadan olan gənclər təşkilatlarını özündə birləşdirir. Hal-hazırda ittifaqa 30 ölkədən 33 gənclər təşkilatı üzvdür. Biz əsasən, beynəlxalq layihələr həyata keçiririk. Azərbaycanda fəaliyyət göstərdiyimiz üçün yerli layihələr həyata keçirməyi, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərə də mövqe bildirməyi özümüzə borc bilirik”.

Aytən Əliyeva bildirib ki, layihənin başlıca məqsədi yerli gənclərə, Azərbaycanda təhsil alan xarici gənclər təşkilatlarının nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında məlumat verməkdir. Eyni zamanda tariximizin bu mühüm hadisəsinin unudulmasına imkan verməməkdir. 

“Ölkə Prezidentinin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdu. Biz də bununla bağlı layihə keçirməyi qərara aldıq. Layihələrin keçirilməsi müəyyən vaxt alır, biz də layihəni 2019-cu ildə keçirməyi qərara aldıq. Ümid edirəm ki, yarış maraqlı olacaq. Bu gün Azərbaycanın bilikli, təhsilli gənclərə ehtiyacı var. Mən özüm bir çox beynəlxalq tədbirlərdə iştirak edirəm. Bizim  informasiya müharibəsində qalib gələcək gənclərə ehtiyacımız var. Ona görə də istər dost ölkələrlə , istər düşmən ölkələrlə ağıllı mübarizə aparmaq üçün gənclərimizi elm almağa çağırıram. Ancaq o halda qalib ola bilərik ki, bizim savadlı, intellektual gənclərimiz olsun”.

Bilik yarışmasında hər komandada 5 nəfər olmaqla 8 komandadan ibarət olub. Yarış 3 gün davam edəcək. Yarışın birinci və ikinci günü yarımfinal,  3-cü günü isə final olacaq.  Yarışın hər bir sualı AXC-nin tarixi və tarixi faktlar əsasında tərtib olunub. Sualın hər biri 10 bal dəyərində qiymətləndirilir.

Yarışın ekspertləri AMEA-nın Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin elmi işçisi Aygün Əzimova, müstəqil ekspert Natiq Nəsirov və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının nümayəndəsi Zərifə Qəhrəmanlıdır.