Azedu.az

3-4 min manat qazanan müəllim repetitorluqdan niyə vaz keçsin? - 

Müəllimlər və elm adamları

12 Oktyabr 2026, 10:25
3-4 min manat qazanan müəllim repetitorluqdan niyə vaz keçsin? - 

“Məktəbdə müəllimin maaşı beş-altı dəfə artırılmalıdır”.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində qeyd edib.

Anar İsgəndərov müəllimlərin məktəbdə aşağı, repetitorluq fəaliyyətində isə daha yüksək gəlir əldə etməsinin səbəblərinə toxunaraq bildirib ki, əməkhaqqı fərqi müəllimlərin seçimlərinə birbaşa təsir edir.

Onun sözlərinə görə, müəllim məktəbdə aylıq 300-600 manat maaş aldığı halda, repetitorluqla məşğul olaraq ay ərzində 3-4 min manat qazana bilər:

“Müəllim niyə məktəbdən repetitorluğa gedir? Məktəbdə aylıq 300-600 manat alır. Repetitorluqda isə məşhur, zəhmətkeş müəllim abituriyent yığır, ay ərzində üç min, dörd min manat qazanır. Kim olsa, ora gedəcək. Onun yolunu kəsməyin”.

Anar İsgəndərov repetitorluq fəaliyyətinin qanunla məhdudlaşdırılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, müəllimin evində şagird hazırlamasını qadağan etmək düzgün yanaşma deyil və bu fəaliyyətlə bağlı əsas məsələlərdən biri vergilərin ödənilməsidir:

"Problemin həlli yollarından biri müəllimlərin əməkhaqqının əhəmiyyətli dərəcədə artırılmasıdır. Digər yol məktəbdə müəllimin maaşının beş-altı dəfə artırılması ola bilər. Vallah, heç bir müəllim istəməz ki, səhərdən axşama qədər əlində köhnə çanta, içində termos, bir az çörək, davamlı işləsin. Nə etsin?! Aldığı əməkhaqqı yaşayışını təmin etmir; ailəsi var, uşaqları böyüyür".

Komitə sədri dövlət qulluğunda çalışanların əməkhaqqı məsələsinə də diqqət çəkərək eyni yanaşmanın müəllimlik peşəsinə tətbiq edilməsini təklif edib. Onun fikrincə, müəllimlərin maddi təminatının yaxşılaşdırılması bu peşəyə marağı artıra və daha çox kişinin pedaqoji sahəyə üz tutmasına şərait yarada bilər.

TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı
Son xəbərlərDaha çox