Azedu.az

Müəllim - cəmiyyətin mənəvi dayağı, gələcəyin qurucusu

AzEdu Təhsil Platforması

5 Oktyabr 2026, 09:02
Müəllim - cəmiyyətin mənəvi dayağı, gələcəyin qurucusu

Cəmiyyətin tərəqqisini və dövlətin gələcək inkişafını şərtləndirən əsas amillərdən biri keyfiyyətli təhsildir. Təhsilin keyfiyyəti isə ilk növbədə bu missiyanı həyata keçirən müəllimin peşəkarlığından, fədakarlığından və mənəvi məsuliyyətindən asılıdır. Məhz buna görə müəllimlik bütün dövrlərdə ən şərəfli və ən məsuliyyətli peşələrdən biri kimi qəbul edilmişdir.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə ölkəmizin bütün müəllimlərini dərin hörmət və ehtiramla təbrik edir, onların cəmiyyətimizin inkişafında və gələcək nəsillərin formalaşmasında göstərdikləri böyük xidmətləri yüksək qiymətləndiririk.

Müəllim yalnız tədris proqramını həyata keçirən, şagirdə bilik və bacarıqlar aşılayan pedaqoq deyil. O, eyni zamanda şəxsiyyət yetişdirən, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürən, gəncləri həyata hazırlayan və onların düzgün istiqamət seçməsinə yardım göstərən mənəvi rəhbərdir. Müəllimin hər bir dərsi, hər bir sözü, hər bir davranışı şagirdin dünyagörüşünün formalaşmasına təsir göstərir.

Müəllim əməyinin böyüklüyü onun görünən nəticələri ilə yanaşı, görünməyən zəhmətində də özünü göstərir. Dərsə hazırlıq, şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, çətinlik yaşayan şagirdlərə əlavə dəstəyin göstərilməsi, valideynlərlə əməkdaşlıq və daim öz üzərində işləmək müəllimin gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir. Bütün bunlar böyük səbir, məsuliyyət və peşəyə sədaqət tələb edir.

Hər bir müəllimin fəaliyyətində onun peşə borcundan daha böyük bir məsuliyyət var – insan yetişdirmək məsuliyyəti. Çünki müəllimin qarşısında oturan hər bir şagird gələcəyin vətəndaşı, mütəxəssisi, ailə başçısı, ziyalısı və cəmiyyətin fəal üzvüdür. Bu baxımdan müəllimin verdiyi bilik qədər, aşıladığı dəyərlər də mühüm əhəmiyyət daşıyır.

Müəllim fədakarlığı məhz burada özünü göstərir. Müəllim bəzən bir şagirdin uğur qazanması üçün öz vaxtından keçir, bəzən onun itirdiyi inamı yenidən bərpa etməyə çalışır, bəzən isə heç kimin görə bilmədiyi bir istedadı üzə çıxararaq həmin uşağın həyat yoluna yeni istiqamət verir. Bir müəllimin “sən bacararsan” sözünün bir şagirdin həyatında hansı dönüş yarada biləcəyini ölçmək mümkün deyil.

Bu gün təhsil qarşısında yeni və daha mühüm vəzifələr dayanır. Müasir müəllim daim yenilənən təhsil mühitinə uyğunlaşmalı, qabaqcıl pedaqoji yanaşmaları mənimsəməli, rəqəmsal imkanlardan səmərəli istifadə etməli və hər bir şagirdin fərdi potensialının üzə çıxarılmasına çalışmalıdır. Bu isə müəllimdən yalnız yüksək peşəkarlıq deyil, həm də daim öyrənmək, yenilənmək və inkişaf etmək əzmi tələb edir.

Bu gün müxtəlif sahələrdə uğur qazanan, ölkəmizin ictimai, iqtisadi, elmi, mədəni və digər həyatında layiqli fəaliyyət göstərən insanların həyat yoluna nəzər saldıqda onların hər birinin uğurunda müəllim əməyinin izlərini görmək mümkündür. Həkimin, mühəndisin, alimin, hüquqşünasın, hərbçinin, dövlət qulluqçusunun və digər peşə sahiblərinin ilk uğur yolunda onlara bilik və istiqamət verən müəllim dayanır.

Məhz buna görə müəllimin əməyi yalnız bu günün deyil, gələcəyin də qurulmasına xidmət edir. Bu əməyin nəticəsi bir neçə ay və ya bir neçə ildə deyil, bəzən uzun illər sonra özünü göstərir. Müəllim toxum səpir, gələcək isə həmin toxumun bəhrəsini görür.

Azərbaycan təhsilinin inkişafında müəllimlərin üzərinə düşən məsuliyyət böyükdür. Dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı, təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar müəllimlərin daha əlverişli şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır. Qarşıya qoyulan əsas məqsəd isə bilikli, bacarıqlı, milli və ümumbəşəri dəyərlərə sadiq, vətənpərvər və müasir dünyagörüşlü şəxsiyyətlərin yetişdirilməsidir.

Bu məqsədin reallaşdırılmasında müəllim amili əvəzsizdir.

Müəllim – məktəbin siması, təhsilin əsas dayağı, gələcəyin qurucusudur. Onun şərəfi yalnız sinifdə qazandığı nüfuzla deyil, yetişdirdiyi insanların həyatında qoyduğu izlə ölçülür.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə bütün müəllimləri  səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

İnanırıq ki, müəllimlərimiz bundan sonra da öz bilik və təcrübələri, yüksək peşəkarlıqları və vətəndaşlıq mövqeləri ilə gənc nəslin təlim-tərbiyəsinə layiqli töhfələr verəcək, təhsilimizin inkişafı və gələcəyimizin daha sağlam təməllər üzərində qurulması naminə əzmlə çalışacaqlar.

Müəllimin əməyinə verilən ən böyük qiymət onun yetişdirdiyi layiqli insandır. Müəllimin ən böyük əsəri isə gələcəkdir.

İlahə Hüseynova

Gəncə şəhər Səməd Vurğun adına 41 nömrəli təbiət və humanitar fənlər təmayüllü liseyin direktor müavini, "Örnək müəllim".

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox