Bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 91.25 bal toplayaraq Gəncə üzrə 2-ci yeri tutan Təranə İsgəndərova vakansiya seçimində Gəncə 2 nömrəli Peşə Məktəbini seçib.
O, MİQ imtahanı və müsahibə mərhələsi ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:
"Bu il Müəllimlərin İşə Qəbulu imtahanında 91.25 bal topladım və bu balla Gəncə üzrə 2-ci yeri tutdum. Vakansiya seçimində Gəncə 2 nömrəli Peşə Məktəbini seçmişəm. Bu vakansiya ilə bağlı çox şadam və öz şəhərimdə işləyəcəyimə görə də çox sevinirəm.
Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Universitetə qəbul olarkən 580 bal toplamışdım və təhsilimi əla qiymətlərlə başa vurdum. Bir neçə ildən sonra MİQ imtahanına hazırlaşdım. Keçən il 83.5 bal yığaraq region filiallarından birində 1 il müəllim kimi fəaliyyət göstərdim. Bu, mənim üçün çox gözəl bir təcrübə idi.
Bu il yenidən imtahanda iştirak etdim və 91.25 bal toplayaraq artıq öz şəhərimdə işləyəcəyəm. İmtahanın ab-havası çox yaxşı idi, suallar çox gözəl hazırlanmışdı. Bu gün müsahibə mərhələsində də iştirak etdim. İçəridə çox pozitiv bir aura var idi. Danışmaq və ünsiyyət qurmaq mənə çox xoş oldu. Çox gözəl ab-hava yaratmışdılar. İxtisasım ingilis dilidir. Sualların səviyyəsi çox gözəl və düşündürücü idi.
Çətinlik çəkdiyimi deyə bilmərəm, amma həqiqətən maraqlı və düşündürücü suallar idi. Əvvəldən bildirildiyi kimi, oxuyub-anlama sualları daha çox üstünlük təşkil edirdi. Məntiq və metodika sualları da eyni dərəcədə maraqlı idi.
Mən keçən il də imtahan vermişdim, bu il isə yenidən ciddi şəkildə hazırlaşdım. Məncə, ciddi zəhmət çəkmədən nəticə əldə etmək olmur. Ciddi hazırlaşmadan yüksək nəticə gözləmək olmaz.
Bir çox kitablar, mətnlər və testlər üzərində hərtərəfli hazırlaşdığım üçün bu nəticəni əldə etdim. Müsahibə mərhələsindən də pozitiv nəticə gözləyirəm. Komissiya üzvləri çox pozitiv ab-hava yaratmışdılar. İçəri girəndə həyəcanım olsa da, onların səmimi münasibətini görəndən sonra həyəcanım keçdi və özümü rahat təqdim etdim.
Gələcəkdə fəaliyyətimi doğma şəhərimdə Gəncə 2 nömrəli Peşə Məktəbində davam etdirəcəyəm. İnanıram ki, orada faydalı bir müəllim kimi fəaliyyət göstərəcəyəm.
Gələcəkdə MİQ imtahanında iştirak etmək istəyən namizədlərə məsuliyyətlə və ciddi hazırlaşmağı tövsiyə edirəm.
Çünki zəhmət heç vaxt nəticəsiz qalmır. Bütün mövzulara diqqətlə yanaşsınlar, əlavə mütaliə kitabları oxusunlar, analitik və oxuyub-anlama bacarıqlarını inkişaf etdirsinlər. Sadəcə əzbərçiliklə kifayətlənməsinlər. Zəhmət çəksələr, mütləq gözəl nəticə əldə edəcəklər".