Azedu.az

Uşağın məktəbə hazır olduğunu necə bilək? - Mütəxəssisdən VACİB MESAJ

Elm və təhsil

18 Avqust 2026, 10:19
Uşağın məktəbə hazır olduğunu necə bilək? - Mütəxəssisdən VACİB MESAJ

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. I sinfə qədəm qoyacaq uşaqlar üçün bu dövr həm həyəcanlı, həm də yeni mərhələyə hazırlıq baxımından önəmlidir. Bu gün bir çox uşaq bağçaya getməklə yanaşı, məktəbəhazırlıq qruplarında da iştirak edir və müəyyən qədər təhsil mühitinə alışır.

Bəs məktəbəqədər təhsil və məktəbəhazırlıq uşaqların məktəbə adaptasiyasını həqiqətən asanlaşdırırmı?Bugünkü uşaqlar məktəb mühitinə ötən illərlə müqayisədə daha rahat uyğunlaşırlar?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva qeyd edib ki, məktəbəqədər yaş dövrü insan həyatının ən vacib mərhələlərindən biridir. Onun sözlərinə görə, bu dövrdə insanın həyatı boyu qazandığı bacarıqların təxminən 70 faizi, hətta daha çoxui formalaşır. Sonrakı mərhələlərdə isə həmin ilkin bacarıqların üzərində emosional, sosial və digər qabiliyyətlər inkişaf etdirilir.

"Məktəbəqədər dövrdə uşağın düzgün təhsil alması, ilkin və həyati bacarıqları mənimsəməsi olduqca vacibdir. Bu mərhələdə uşağın fizioloji, psixoloji, estetik, sosial, yaradıcı və idraki bacarıqları formalaşır.

İlkin idraki bacarıqlara, ilk növbədə, nitq bacarığının formalaşması, sadə riyazi anlayışların mənimsənilməsi, ətraf mühitin dərk edilməsi və ətrafındakı insanlarla düzgün münasibət qurulması daxildir. Uşaq bu bacarıqları məktəbə qədər formalaşdırmayıbsa, onun məktəbə tam hazır olduğunu demək düzgün deyil.

Bunun üçün uşağın inkişafına uyğun mühit yaradılmalıdır. Bu mühit sosial, fiziki, estetik və yaradıcı olmaqla yanaşı, uşağın ümumi inkişafına da xidmət etməlidir.

Ölkədə məktəbəhazırlıq qruplarının yaradılmasının əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrində yerlərin kifayət qədər olmamasıdır. Hazırda uşaqların təxminən 20-30 faizi məktəbəhazırlıq qruplarına cəlb olunublar. Hesab edirəm ki, uşaqların məktəbəqədər təhsildən keçmədən birbaşa məktəbə başlaması adaptasiya prosesində müəyyən çətinliklər yarada bilər. Belə uşaqların sinif mühitinə, müəllimə və yaşıdlarına uyğunlaşması, kommunikasiya qurması və davranışlarını tənzimləməsi müəyyən vaxt tələb edir. Nəticədə dərs ilinin ilk aylarının bir hissəsi tədrisdən çox adaptasiya prosesinə sərf oluna bilər. 

Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qrupları uşağın sinif otağına uyğunlaşmasına, müəllim və yaşıdları ilə kommunikasiya qurmasına imkan yaradır. Bağçalarda isə bu proses daha uzunmüddətli və sistemli şəkildə həyata keçirilir. Uşaq bu mərhələdə yalnız akademik deyil, həm də həyati bacarıqlar əldə edir. Buraya sanitar qovşaqdan düzgün istifadə, müstəqil yemək yemək, soyunub-geyinmək və özünə qulluq etmək kimi bacarıqlar daxildir".

Məktəblərdə şərait və müəllim seçimi əsas məsələlərdəndir:

“Məktəbəhazırlıq qruplarının ilk fəaliyyət göstərdiyi dövrlə müqayisədə hazırda müəyyən dəyişikliklər var. Məktəblərdə qrupların şəraitinin yaxşılaşdırılması, yenilənməsi və tənzimlənməsi istiqamətində addımlar atılır. Gələcəkdə bu sahədə daha da təkmilləşdirmələrin aparılması vacibdir.

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin seçimi də əsas məsələlərdən biridir. Hazırda bu qruplarda əsasən ibtidai sinif müəllimlərinin çalışması müəyyən suallar doğurur. Hesab edirəm ki, məktəbəhazırlıq qruplarında məhz məktəbəqədər təhsil üzrə ixtisaslaşmış müəllimlərin fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı.

Məktəbəqədər təhsil üzrə ixtisaslaşmış müəllimlər məhz həmin yaş dövrünün xüsusiyyətlərinə uyğun təlim keçirlər. İbtidai sinif müəllimlərinin hazırlığı isə fərqli proqram üzrə aparılır və onların ixtisaslaşması ibtidai təhsil prosesinə uyğunlaşdırılıb”.

Məktəbəhazırlıq qrupları genişləndirilməlidir:

“Mən hesab edirəm ki, bir ibtidai sinif müəlliminin səhər növbəsində dərs deyib, günortadan sonra məktəbəhazırlıq qrupunda fəaliyyət göstərməsi də ideal yanaşma deyil. Bu vəziyyət həm müəllimin yorğunluğuna, həm də uşaqlarla işləmə prosesinə təsir göstərə bilər.

Mövcud problemlər aradan qaldırılarsa, məktəblərdə məktəbəhazırlıq qruplarının fəaliyyəti uğurlu proqramlardan birinə çevrilə bilər. Bu qruplar uşaqların inkişafına töhfə verməklə yanaşı, məktəbdən kənarda qalan uşaqların təhsilə cəlb olunmasına da imkan yaradır.

Düşünürəm ki, məktəbəhazırlıq prosesinin əhatə dairəsinin növbəti illərdə 30, 35 və 40 faizə çatdırılması və əlavə proqramlarla dəstəklənməsi bu modelin daha da inkişafına imkan verə bilər. Bu proses yalnız uşaqların məktəbə hazırlığını deyil, onların gələcək inkişafını və təhsil sisteminə daha sağlam inteqrasiyasını da təmin edən mühüm mexanizmə çevrilə bilər”.

Fidan Şahkərəmova

Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür
Son xəbərlərDaha çox