Azedu.az

“Maarifçi”lər arasında intellektual oyun keçirilib

Təhsil Nazirliyi

17 Avqust 2026, 12:12
“Maarifçi”lər arasında intellektual oyun keçirilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilib.

AzEdu.az xəbər verir ki, intellektual oyun “Maarifçi”lərin asudə vaxtının səmərəli təşkili, şəxsi və peşəkar inkişafının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə təşkil olunub.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda iştirakçılar 6 komandaya bölünərək bilik və məntiq bacarıqlarını sınayıb. “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” adlanan komandalar müxtəlif mövzuları əhatə edən sualları cavablandırıblar.

Rəqabətli mübarizə şəraitində keçən yarış iştirakçıların biliklərini nümayiş etdirməklə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına da töhfə verib.

Yarışın sonunda qalib komanda müəyyənləşdirilib. Qalib komandaya diplom, fərqlənən iştirakçılara isə “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçirlər.

 

 

Ukrayna Moskvanı BOMBALADI - Şəhərdə hər yeri alov bürüdü
Son xəbərlərDaha çox