Azedu.az

Magistraturada plan yerləri artır, amma seçim edənlər azalır - SƏBƏBLƏR

Magistratura

29 İyul 2026, 11:12
Magistraturada plan yerləri artır, amma seçim edənlər azalır - SƏBƏBLƏR

2026-cı ildə magistraturaya qəbul imtahanında ümumilikdə 27 859 bakalavr iştirak edib. Magistratura üzrə ayrılmış plan yerlərinin sayı isə 17 688-dir.

İxtisas seçimi mərhələsində cəmi 15 716 nəfər bakalavr iştirak edib. Bu göstərici onu deməyə əsas verir ki, qəbul imtahanında iştirak edən 12 mindən çox bakalavr ixtisas seçiminə qatılmayıb. Eyni zamanda, ixtisas seçimi edənlərin sayı plan yerlərindən də təxminən 2 min nəfər azdır.

Maraqlıdır, magistratura imtahanında iştirak edənlərlə ixtisas seçimi edənlərin sayı arasında bu qədər ciddi fərqin yaranmasına hansı amillər təsir göstərir? 

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) açıqlama verib.

İxtisas seçimi müsabiqəsində iştirak edən bakalavrların sayı daha çox olmalı idi:

“Qeyd olunduğu kimi, bu il magistratura pilləsinə qəbul üzrə müsabiqədə iştirak edən bakalavrların sayı ötən illərlə müqayisədə kifayət qədər çox idi. Onların arasında 0-30 bal aralığında nəticə göstərən bakalavrların sayı 3 mindən çox idi.

40 bala qədər nəticə göstərən namizədlərin ümumi sayı isə 6 mindən çox olub. Bu da onu deməyə əsas verir ki, ümumilikdə təxminən 21 min nəfərin nəticəsi bəzi ixtisasların müsabiqəsində iştirak etmək üçün uyğun hesab edilə bilərdi. Həmin namizədlərdən cəmi 15 719 nəfər ixtisas seçimində iştirak edib. Onlar isə əsasən öz ixtisaslarına uyğun proqramlarla yanaşı, 55 saylı MBA proqramını, həmçinin 45 saylı proqramı da seçiblər.

Magistratura üzrə plan yerlərinin hər il artmasına baxmayaraq, müsabiqədə iştirak edən bakalavrların sayı gözləniləndən az olub".

Yüksək təhsil haqları magistratura təhsilinə əlçatanlığı məhdudlaşdıran əsas amillərdən biridir:

"Bu azalmanın səbəblərindən biri son iki ildə bəzi ixtisaslar üzrə tətbiq olunan 1 il 6 aylıq magistratura proqramlarıdır. Həmin proqramlar məzunlara doktorantura təhsilini davam etdirmək imkanı vermədiyi üçün bir çox bakalavr bu proqramlara maraq göstərmir. Beləliklə, onlar magistratura pilləsini başa vurduqdan sonra təhsillərini davam etdirə bilmirlər.

Digər mühüm amil isə bəzi ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olmasıdır. Elə universitetlər var ki, magistratura üzrə illik təhsil haqqı 3000, 3700, 4000, hətta 4500 manata çatır. Digər ali məktəblərdə isə bu məbləğ 2700-2800 manat civarındadır. Bu isə magistratura təhsili almaq istəyən bir çox bakalavr üçün təhsilin əlçatanlığını məhdudlaşdırır”.

45-50 bal toplayan bakalavrlar prestijli ixtisaslara qəbul şansının olmadığını düşünərək müsabiqədən çəkilirlər:

“Digər məsələ isə, təbii ki, iştirakçıların əsasən daha prestijli ixtisaslarda təhsil almağa üstünlük vermələridir. Əldə etdikləri nəticə həmin ixtisaslara qəbul üçün yetərli hesab edilmədikdə onlar növbəti il yenidən imtahan verməyi düşünürlər.

Belə ki, daha prestijli ixtisaslara qəbul üçün minimum 70-75 bal tələb olunduğunu nəzərə alan bakalavr 45-50 bal topladıqda anlayır ki, həmin ixtisasa qəbul olmaq şansı yoxdur. Bu səbəbdən də ixtisas seçimi mərhələsində iştirak etməməyə, yəni müsabiqədən çəkilməyə üstünlük verir”.

Xarici dil fənn bloku ilə bağlı tətbiq olunacaq yeniliklər nəticələrin daha da aşağı düşməsinə səbəb ola bilər:

"Düşünürəm ki, növbəti illərdə həm sualların hazırlanması, həm də qiymətləndirmə mexanizmi ilə bağlı bəzi məqamlar yenidən nəzərdən keçirilməlidir. Suallar həddindən artıq çətin olmamalıdır ki, iştirakçılar arasında sağlam rəqabət formalaşsın.

Son iki ilin statistikası da bunu göstərir. Belə ki, 65-75 baldan yuxarı nəticə göstərənlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə azalıb. Bu isə bakalavrların sualları cavablandırarkən ciddi çətinliklərlə üzləşdiyini göstərir. Üstəlik, növbəti ildən xarici dil fənn bloku üzrə tətbiq ediləcək yeniliklərin nəticələrin daha da aşağı düşməsinə səbəb olacağı istisna edilmir.

Dövlət magistratura təhsilinə hər il daha çox dəstək verir və dövlət sifarişi üzrə plan yerlərinin sayı artırılır. Hazırda 7 mindən çox bakalavr dövlət sifarişi əsasında təhsil almaq imkanı əldə edə bilər.

Nəzərə alsaq ki, ixtisas seçimində 15 719 nəfər iştirak edib, onların 7 mindən çoxunun dövlət sifarişi ilə qəbul olmaq şansı var. Bu isə o deməkdir ki, magistraturaya qəbul olunanların təxminən yarısı dövlət hesabına, digər hissəsi isə ödənişli əsaslarla təhsil alacaq.

Dövlətin yaratdığı bu imkanlardan səmərəli istifadə edilməlidir. Əgər bakalavr gələcəkdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmağı planlaşdırırsa, onun maraq və hədəflərinə uyğun magistratura proqramında təhsilini davam etdirməsi üçün əlverişli şərait yaradılmalıdır".

Avqustun 1- nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR
Son xəbərlərDaha çox