Azedu.az

Özəl bağçalarda qiymətlər artacaq? - RƏSMİ AÇIQLAMA

Məktəbəqədər təhsil

20 İyul 2026, 14:58
Özəl bağçalarda qiymətlər artacaq? - RƏSMİ AÇIQLAMA

“Ciddi qiymət artımları baş verməyəcək”.

AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərin özəl məktəbəqədər təhsil müəssisələrində mümkün qiymət artımları ilə bağlı sualını cavablandırarkən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, yeni maliyyələşmə mexanizmində qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaqda əsas rol valideynlərin seçim hüququ və bazar mexanizmlərinə məxsus olacaq:

“Özəl müəssisə xidmət haqqını artırdıqca onun müsabiqənin qalibi olmaq və daha çox uşağı cəlb etmək şansı azalır. Özəl müəssisələr bunu yaxşı bilirlər. Hesab edirəm ki, ciddi qiymət artımları baş verməyəcək. Valideynlərin də seçim imkanları olacaq ki, onlar bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlaya bilsinlər”.

Direktor müavini maliyyələşmənin niyə 10 ay müddətinə nəzərdə tutulması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, yay aylarında bağçalarda uşaq sayı azalır və tədris prosesi əvvəlki qədər intensiv olmur:

“Müqavilələrin 10 aylıq müddətə bağlanmasının səbəbi odur ki, adətən yay aylarında - iyul və avqust aylarında bağçalarda uşaq sayı azalır və tədris prosesi əvvəlki qədər intensiv olmur. Buna görə də müqavilələr 10 ay müddətinə bağlanılır”.

Vəfa Yaqublu vurğulayıb ki, valideynlər maliyyələşmə müddəti başa çatdıqdan sonra da övladlarını eyni müəssisədə təhsil almaq üçün qeydiyyatdan keçirə biləcəklər. Bunun üçün həmin özəl məktəbəqədər təhsil müəssisəsinin növbəti il də müsabiqənin qalibi olması şərtdir.

“Əgər həmin müəssisə növbəti ildə də müsabiqənin qalibi olarsa, valideyn, əlbəttə ki, övladını yenidən ora yerləşdirə biləcək. Əks halda isə başqa bir müəssisəni seçməli olacaq”, - deyə o əlavə edib.

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox