“Özəl bağçalarda təhsil haqqının 70 faizədək hissəsini dövlət ödəyəcək”.
AzEdu.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, son 10 il ərzində uşaqların daha erkən yaşlardan məktəbəqədər təhsilə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər dövlət məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq və icma əsaslı qrupların yaradılması, eləcə də yeni maliyyələşmə mexanizmlərinin tətbiqini əhatə edir.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Bu istiqamədə zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul imkanları artırılmış, məktəbəhazırlıq proqramları üzrə əlavə yerlər yaradılmışdır. Belə ki, dövlət məktəbəqədər təhsil müəssisələrində qəbul üçün əlavə yerlər açılaraq ümumi qəbul potensialı 112 minə çatdırılıb.
İcma əsaslı təlim qruplarında əlavə 12 min yer yaradılaraq qəbul potensialı 36 min nəfər uşağa qədər yüksəlib. Bununla yanaşı məktəbəhazırlıq qruplarında əlavə 16 min yer açılıb və 104 min uşağın qəbulu planlaşdırılır. Valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi isə özəl müəssisələrin potensialının tam reallaşması vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyinin artırılmasına tutarlı töhfə verəcəkdir.
Bu istiqamətində həyata keçirilən tədbirlər daha çox uşağın erkən təhsil imkanlarından faydalanmasına və məktəbə daha hazırlıqlı başlamasına xidmət edir.
Direktor müavini qeyd edib ki, iyul ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə valideyn-dövlət-özəl tərəfdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi haqqında qərar qəbul olunub, iyulun 17-də isə Nazirlər Kabineti modelin tətbiqi qaydalarını təsdiqləyib.
“Qaydalara əsasən, özəl müəssisənin təklif etdiyi təhsil xidmətinin 70 faizədək hissəsi dövlət tərəfindən ödəniləcək. Lakin Bakı şəhərində bu məbləğ 350 manatdan, regionlarda isə 250 manatdan artıq olmayacaq”, - deyə Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, yeni maliyyələşmə mexanizmi dövlət bağçalarında növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə çıxışının təmin olunmasına və özəl müəssisələrin inkişafına töhfə verəcək. Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində yeni iş yerlərinin yaranacağı gözlənilir.
Vəfa Yaqublu əlavə edib ki, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri dövlət lisenziyasına malik olmalı, tələb olunan sənədləri təqdim etməli və öz potensiallarını təsdiqləməlidirlər. Qaliblərin siyahısı Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
O bildirib ki, bundan sonra valideynlər qalib gəlmiş özəl müəssisələr arasından seçim edərək Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə övladlarını qeydiyyatdan keçirəcək və müqavilə bağlayacaqlar.