2026-cı ilin 11 iyul tarixində V “Cyber Summer School 2026” kiber yay düşərgəsinin bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitet-sənaye əməkdaşlığının mövcud vəziyyəti, bu istiqamətdə görülən işlər və formalaşdırılan tərəfdaşlıq şəbəkəsinin yaratdığı imkanlar barədə çıxış edib.
AzEdu.az xəbər verir ki, rektor Anar Eminov bildirib ki, Mingəçevir Dövlət Universiteti əmək bazarının müasir tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması, təhsil proqramlarının praktik məzmununun gücləndirilməsi və universitetin regionun sosial-iqtisadi inkişafında rolunun artırılması məqsədilə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir.
Diqqətə çatdırılıb ki, hazırda Mingəçevir Dövlət Universiteti 350-dən çox müəssisə və təşkilatla əməkdaşlıq edir. Geniş tərəfdaşlıq şəbəkəsinə dövlət qurumları, özəl şirkətlər, sənaye və istehsal müəssisələri, maliyyə təşkilatları, informasiya texnologiyaları və kibertəhlükəsizlik şirkətləri, təhsil və tədqiqat müəssisələri, ictimai birliklər və digər təşkilatlar daxildir.
Anar Eminov qeyd edib ki, qurulan əməkdaşlıqlar yalnız institusional əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda universitet əməkdaşları, tələbələr və məzunlar üçün yeni inkişaf imkanları yaradır. Bu əməkdaşlıqlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi, təlim və seminarların təşkili, istehsalat təcrübələrinin keçirilməsi, ekspert və mütəxəssislərin tədris prosesinə cəlb olunması, laboratoriya və tədqiqat imkanlarının genişləndirilməsi, eləcə də tələbə və məzunların məşğulluğunun dəstəklənməsi nəzərdə tutulur.
Bildirilib ki, universitet-sənaye əməkdaşlığı tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, əmək bazarının tələbləri ilə yaxından tanış olmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
Tələbələr tərəfdaş müəssisələrdə təcrübə proqramlarına, infoturlara, mentorluq layihələrinə, karyera tədbirlərinə, müsabiqə və təlimlərə cəlb olunmaq imkanı əldə edirlər.
Anar Eminov universitet-sənaye əməkdaşlığının regionda təhsilin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Mingəçevir Dövlət Universitetinin regionda fəaliyyət göstərən müəssisə və təşkilatlarla əlaqələrinin genişlənməsi yerli əmək bazarının ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsinə, təhsil proqramlarının həmin ehtiyaclara uyğunlaşdırılmasına və region üçün zəruri olan ixtisaslı kadrların hazırlanmasına imkan yaradır.
Eyni zamanda, belə əməkdaşlıqlar region gənclərinin müasir bilik və bacarıqlara çıxışını artırır, onların paytaxta və ya xarici ölkələrə getmədən keyfiyyətli təhsil, təcrübə və karyera imkanlarından faydalanmasına şərait yaradır. Universitetin dövlət və özəl sektorla birgə həyata keçirdiyi layihələr regionda innovasiya, rəqəmsal transformasiya, sahibkarlıq və məşğulluq ekosisteminin inkişafına da dəstək verir.
Sonda Anar Eminov Mingəçevir Dövlət Universitetinin qarşıdakı dövrdə də dövlət və özəl sektorla əməkdaşlıq əlaqələrini genişləndirəcəyini, mövcud tərəfdaşlıqları daha konkret nəticələrə əsaslanan birgə layihələrlə zənginləşdirəcəyini və tələbə, məzun və əməkdaşlar üçün yeni inkişaf imkanları formalaşdıracağını diqqətə çatdırıb.