Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 12:45:00
 Bir universitetimizin kitabxanasında otaq rezerv edilir, digərində isə kitab tapılmır – Tələbə iradları

 

“Kitabxanalarda problem kitab sayının az olmasıdır. Axtardığımız kitablar ya universitetdə tapılmır, ya da sayı az olduğu üçün tələbələrə çatmır”.

 AzEdu.az  universitet kitabxanaları, oxu zalları ilə bağlı tələbələr arasında sorğu keçirib:

Bakı Dövlət  Universitetinin III kurs tələbəsi Qurbanova Səbinə universitet kitabxanasından razıdır. Axtardığı kitabı əziyyət çəkmədən oradan tapdığını deyir:

 “Kitabxana və oxu zalı ilə bağlı heç bir problemimiz yoxdur. Bizə lazım olan kitabları rahat götürürük.

 Oxu zalı tam sakitlikdi və istədiyimiz zaman bura gəlib kitab oxuya bilirik”.

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin III  kurs tələbəsi Hüseynli Zeynəb universitetlərində kitab çatışmazlığından şikayətlənib:

 “Universitetdə ən çox olduğum yer kitabxanadır ki, burada da kompüterlər işləmir. 1-2 kompüterdən başqa demək olar, hamısı xarabdı. Kitablar məhdud sayda olduğundan istədiyimiz nümunəni tapmaq çətinləşir. Əgər tapırıqsa, kitab götürəndə heç bir problem olmur. Oxu zalında isə sakitçiliyə riayət edilmir”.

 ADA Universitetinin II kurs tələbəsi İnayət Alisgəndərov kitabxana ilə bağlı heç bir  problemin olmadığını , hətta oxumaq üçün otaq da rezerv etdiklərini söyləyib:

“Bizdə kitabxanalarda və oxu zalında heç bir problem yoxdur. Rahat formada kitab götürməklə yanaşı, otaq “rezerv” edib götürdüyümüz kitabı oxuya, ya da kompüterlə işləyə bilirik. Oxu zallarında isə tam səssizlikdir”.

 Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi İsgəndərova Arzu universitetdə kitab olsa da sayı az olduğundan tələbələrə çatmadığını deyib:

 “Kitabxana ilə bağlı əsas problem kitabların sayının az olmasıdır. Axtardığımız əksər kitablar ya universitetdə olmur ya da, sayları az olduğundan tələbələrə çatmır. Yerdə qalan hallarda kitab götürən zaman heç bir çətinlik olmur.

 Universitetin bir-birindən uzaq iki korpusu var və oxu zalı  yalnız Təbriz küçəsindəki korpusdadır. Əsas korpusda da eyni oxu zalının yaradılması çox yaxşı olardı”.

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Bayramov Taleh kitabxanaya çox getməsə də elə bir problemin olmadığını bildirib:

 “Düzü, mən kitabxanaya  çox getməsəm də universitetimizdə oxu zalı da, kompüterlər də var. Bildiyim qədəriylə istifadəyə yararlıdır. Kitabxanadan axtardığımız kitabı rahat götürüb oxuya bilirik.  Oxu zalı isə universitetin sakit yerindədi. Tələbələr heç bir səs-küy olmur və istədikləri kitabı rahat oxuya bilirlər”.

 Rəna Nəbi