Xızı və Nəsimi rayonlarında fəaliyyət göstərən iki texnologiya müəllimi müəllimlərin sertifikatlaşdırılması imtahanında eyni nəticəni 58 bal toplayıblar.
AzEdu.az xəbər verir ki, Xızı rayonu Ağdərə kənd orta məktəbinin texnologiya müəllimi Nərminə Nəbiyeva bildirib ki, imtahanda yüksək nəticə əldə edəcəyinə əvvəlcədən inanıb:
“Sertifikasiya imtahanından 58 bal topladım və çox xoşbəxtəm. 5 ildir müəllim işləyirəm və hər zaman öz üzərimdə çalışmışam. Hədəfim 60 bal idi, amma buna çox yaxınlaşdım”.
Müəllim qeyd edib ki, sertifikatlaşdırma prosesi müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərir:
“Sertifikatlaşdırma savadlı müəllimlərin yetişməsinə və şagirdlərin qarşısına daha hazırlıqlı kadrların çıxmasına kömək edir. Proqrama uyğun hazırlaşan hər bir müəllim üçün bu proses uğurla nəticələnir. Sentyabrdan şagirdlərimin qarşısına daha inamlı çıxacağam”.
Nəsimi rayonu 54 saylı tam orta məktəbin 18 illik təcrübəyə malik müəllimi Bayramova Ofeliya da sertifikatlaşdırmada 58 bal toplayıb.
İmtahan çox sakit keçdi. Başda bir az həyəcan vardı, amma sonra hər şey yoluna düşdü. Suallar əsasən bildiklərimizdən idi. İmtahanın yarısını tez bitirmişdim, sonradan isə texniki səhvlər olmasın deyə yenidən yoxladım.
Bu proses bizi məcbur etdi ki, öz fənnimizi daha dərindən öyrənək və üzərimizdə işləyək. 18 il işlədiyim müddətdə bu qədər sistemli şəkildə fənnimə qayıtmamışdım”.
Bayramova Ofeliya əlavə edib ki, imtahana ciddi hazırlaşıb:
“Bir il ərzində hazırlaşmışdım. Əvvəl çox həyəcanlı idim, amma imtahan zamanı gördüm ki, biləndən sonra hər şey asan olur. Müəllimlərə tövsiyəm odur ki, qorxmasınlar və bu prosesə inamla yanaşsınlar”.