"Bu proses müəllimi daha məsuliyyətli olmağa vadar edir".
Bu sözləri 255 nömrəli tam orta məktəbin tarix müəllimi Samiq Abdullayev sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşərkən qeyd edib.
20 ildən artıq pedaqoji fəaliyyət göstərdiyini bildirən müəllim sertifikasiya imtahanında 54 bal topladığını deyib. O, imtahanın təşkilindən razı qaldığını vurğulayaraq təşkilatçılara təşəkkür edib:
“İmtahan çox səmərəli idi. Bütün növ suallar var idi. Bir balaca kurikulumla bağlı çətinliyimiz oldu. İxtisasla bağlı heç bir çətinliyimiz olmadı.
Mənə elə gəlir ki, sertifikasiya imtahanı hər bir müəllimin özünün inkişafı üçün xüsusi önəm daşıyır. Müəllimi bir qədər daha məsuliyyətli olmağa vadar edir. Bu baxımdan faydalı olduğunu düşünürəm.
Seçim və müəyyən mənada müəllimlərin dəyərləndirilməsi baxımından bu prosesi Vyana konqresinə bənzətmək olar. Necə ki, Vyana konqresindən sonra dünya sistemi yenidən quruldu, burada da müəyyən mənada qiymətləndirmə və yenidən baxış prosesi həyata keçirilir.
Pedaqoji fəaliyyətimiz çox olduğu üçün nəyisə öyrəndim demək bəlkə də doğru olmaz. Amma bu dəfə daha soyuqqanlı olmağı və vaxtı düzgün bölməyi öyrəndim desəm, yanılmaram”.