"Şagirdlərim bu sualların çoxunu cavablandıra bilərdi”
Bunu Xəzər rayonu 149 nömrəli tam orta məktəbin tarix müəllimi Nəcib Məmmədov sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşərkən qeyd edib.
25 illik pedaqoji staja malik olan müəllim imtahandan 52 bal topladığını bildirib. Onun sözlərinə görə, ixtisas üzrə suallar çətinlik yaratmasa da, kurikulum hissəsində müəyyən məqamlarda çətinlik çəkib:
“Ümumiyyətlə, ixtisasda problem yaşamadım. Çünki öz fənnimi bilirəm. Nisbətən kurikulum suallarında çətinlik çəkdim. Amma ümumilikdə imtahan yaxşı keçdi”.
N.Məmmədov sertifikasiya prosesinin müəllimlərin peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb:
“Sertifikasiyanın əhəmiyyəti çox yüksəkdir. Müəllimin akademik bacarıqlarının və biliklərinin inkişafında müstəsna rolu var. Ən azından müəllim öz üzərində işləyir”.
Tarix müəllimi imtahana müstəqil hazırlaşdığını qeyd edib:
“Şübhəsiz ki, özüm hazırlaşmışam. Uzun müddətdir bu istiqamətdə çalışıram”.
O, müəllimlərin repetitor və ya başqa müəllimlərin hazırlığına müraciət etməsinə də münasibət bildirib:
“Ümumiyyətlə, müəllim öz fənnini yüksək səviyyədə bilməlidir. Mənə o qədər də yaxşı gəlmir ki, müəllim başqa müəllimin yanına hazırlığa getsin. Orta məktəbdə dərs deyən müəllimin kitabla bağlı bilikləri maksimum səviyyədə olmalıdır”.
Müsahibə zamanı sertifikasiya imtahanını hansısa tarixi hadisə ilə müqayisə etməsi xahiş olunan müəllim maraqlı cavab verib:
“Həmişə Napoleon haqqında bir əhvalat danışırlar. Deyirlər ki, ona düşmənin gəldiyini xəbər verəndə "yəqin imtahandır" deyib. İmtahandan hər kəs qorxur, o cümlədən Napoleon belə”.
N.Məmmədovun sözlərinə görə, sertifikasiya ona daim yenilənməyin vacibliyini bir daha xatırladıb:
“Çalışmaq lazımdır, öz üzərində daim işləmək lazımdır. Kurikulumun da məqsədi budur ki, insan daim dəyişsin və yenilənsin”.
Tarix fənni üzrə sualların məzmununa da toxunan müəllim hesab edir ki, tapşırıqlarda hadisələr arasında əlaqələndirməyə daha çox yer verilməlidir:
“Tarixdə əlaqələndirmək çox önəmlidir. Suallarda bu istiqamət daha çox olsa, daha yaxşı olar”.
Şagirdlərinin həmin sualları cavablandıra bilib-bilməyəcəyi barədə danışan N.Məmmədov onların böyük əksəriyyətinin uğur qazana biləcəyini düşünür:
“Sizi əmin edirəm ki, normal hazırlıqlı şagird həmin sualların çoxunu cavablandıra bilərdi. Sadəcə sualların sayı çox olduğuna görə müəyyən səhvlər etmək mümkündür”.