Azedu.az

Keçid balları qalxacaq? - I və IV qruplar üzrə PROQNOZ

Qəbul imtahanları

8 İyun 2026, 15:21
Keçid balları qalxacaq? - I və IV qruplar üzrə PROQNOZ

7 iyun tarixində keçirilən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarından sonra bəzi abituriyentlər sualların çətin olduğunu bildiriblər. Bundan əvvəl keçirilən buraxılış imtahanları ilə bağlı da oxşar fikirlər səsləndirilmişdi.

Bəs həm buraxılış, həm də qəbul imtahanlarının nisbətən çətin keçməsi bu ixtisas qruplarında ümumi nəticələrə və keçid ballarına təsir göstərə bilərmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) açıqlama verib.

Ekspert hesab edir ki, I və IV ixtisas qruplarında kəskin bal enməsi gözlənilmir:

“İmtahandan dərhal sonra həm onlayn, həm də əyani qaydada sorğular keçirdik. Respondentlərin böyük əksəriyyəti sualların cavablandırılması baxımından imtahanın asan olduğunu bildirdi. Yalnız bir neçə abituriyent I ixtisas qrupunda riyaziyyat fənnində müəyyən çətinlik yaşadıqlarını qeyd etdi. IV qrup üzrə isə bəzi iştirakçılar fizika, qismən də biologiya fənni ilə bağlı çətinlik çəkdiklərini söylədilər.

Əgər I və IV ixtisas qrupları üzrə ümumi nəticələrə baxsaq, düşünmürəm ki, kəskin bal enməsi baş versin. Çünki bu, hələ birinci cəhd imtahanıdır. Bundan əlavə, buraxılış imtahanlarında hər iki qrup üzrə abituriyentlər kifayət qədər yüksək nəticələr göstəriblər. Yalnız III ixtisas qrupunda riyaziyyat fənni səbəbindən nəticələr nisbətən zəif olub. Lakin bu fərq də I və IV qrupla müqayisədə ciddi deyil”.

Elçin Əfəndiyevin sözlərinə görə, dəyişiklik daha çox orta keçid balı olan ixtisaslarda müşahidə oluna bilər:

“Prestijli ixtisaslarda ciddi bal enməsi gözləmirəm. Yalnız orta göstəricili ixtisaslarda təxminən 5-10 bal, maksimum isə 25 bala qədər enmə ehtimalı var. Bu da bütün ixtisaslara aid deyil. Əsasən əvvəlki illərdə orta keçid balı formalaşmış ixtisaslarda belə dəyişiklik baş verə bilər.

Nəzərə almaq lazımdır ki, qarşıda ikinci cəhd imtahanı da var. Hər il bu mərhələ ümumi statistik göstəricilərə ciddi təsir göstərir. Buna görə də yekun mənzərə ikinci cəhddən sonra daha dəqiq formalaşacaq”.

Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR! -
Son xəbərlərDaha çox