Azedu.az

Məktəblərdə monitorinq imtahanları: inkişafa xidmət, yoxsa əlavə yük?

AzEdu Təhsil Platforması

6 İyun 2026, 13:15
Məktəblərdə monitorinq imtahanları: inkişafa xidmət, yoxsa əlavə yük?

Bu günlərdə 4 və 6-cı sinif şagirdləri üçün ölkə üzrə  monitorinq imtahanları keçirilir.

Maraqlısı odur ki, bu monitorinqlərin şagirdlərin gələcək təhsil göstəricilərinə və ümumi tədris prosesinə hansı müsbət təsirləri var? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil tədqiqatcısı Elmin Nuri qeyd edib ki, uğurlu müəllim odur ki, o özünü psixoloji, zehni baxımdan şagirdin yerinə qoyur və onun kimi düşünür, proseslərə onun yaşadığı həssaslıqla yanaşır:

184636

"4 və 6-cı siniflər üzrə keçirilən monitorinq imtahanlarını ümumilikdə lazmlı prosedur kimi  dəyərləndirirəm. Lakin mənim üçün açıq qalan bir neçə sual var və bunları da subyektiv prizmadan prosesin çatışmazlıqları kimi düşünürəm.

Birincisi, minlərlə şagird tədris ilinin sonlarına sayılı günlər qalmış imtahana cəlb olunur, tətil ovqatı imtahan stressi ilə qarışır və azyaşlı zehniyyəti üçün o qədər də xoş olmayan bir detala çevrilir.  İnanın, burada məsələnin psixoloji və nevroloji, fizioloji xırdalıqları çox ciddidir. Sadəcə, bu barədə mütəxəssislər daha dərindən danışa bilər. Biz tərəfdən isə deyiləcək məsələ monitorinqlərin ən azından 15-20 gün bundan əvvələ salınma variantıdır. Uğurlu müəllim odur ki, o özünü psixoloji, zehni baxımdan şagirdin yerinə qoyur və onun kimi düşünür, proseslərə onun yaşadığı həssaslıqla yanaşır. O zaman məsələ ilə bağlı tam səhih qərar verə bilir. Buna əsasən də deyə bilərəm ki, 4 və 6-cı sinif uşaqları üçün imtahanların iyun yox, mayda keçirilməsi arasında xeyli fərqlər var.

İkincisi, madam ki, keçirilirsə, prosesə minlərlə şagird, yüzlərlə müəllim cəlb olunursa, o zaman bunun nə kimi tətbiqi elementi və praktiki faydalılığı var? Yəni, imtahan yalnız biliyin qiymətləndirilməsi rakursundan kənarda hansı işlərə rəvac verəcək? Qiymətləndirilmənin nəticəsi hansı digər proseslərin startı olacaq? Həmçinin, monitorinq imtahanlarının nəticələrinə görə hansı ciddi qərarlar veriləcək? Şəxsən bu suallar mənim üçün qaranlıqdır". 

Təəssüfedici, daha bir məqam sual kitabçalarının şagirdlərə təqdim olunmamasıdır:

"Bildiyim qədərilə monitorinq imtahanlarının nəticələri sentyabrda elan ediləcək. Təki, bu məsələdə yanlış olum. Amma müəllim və təhsil mütəxəssisləri də bu qənaətdədirlər. Madam ki, nəticələr artıq soyumuş zaman fazasında -artıq yeni tədris ilinin, yeni təhsil nəfəsinin başlanma ərəfəsində elan ediləcəksə, o həmin qızğın ərəfədə kimləri özünə cəlb edəcək? Nəticələrin daha tez şəkildə təqdimi və sentyabradək onun təhlili prinsipləri həyata keçə bilməzdimi?

Təəssüfedici, daha bir məqam sual kitabçalarının şagirdlərə təqdim olunmamasıdır. Bilirik ki, Azərbaycan dili və Riyaziyyatdan mətn tipli tapşırıqlar da var. Onların hamısı şagirdlər üçün sonradan dəfələrlə geri dönüş tələb edən, yenidən və yenidən işlənməsini istəyən materiallardır. Qarşıdan da tətil gəlir. Məhz həmin kitabçaları şagirdlərə hədiyyə etmək və təhsilalanın yenidən suallara evə şəraitində qayıtmasına, özünü yoxlamasına təkan vermək daha yaxşı olardı".

Mövzu ilə bağlı açıqlama verən, "İlin gənc müəllimi", ibtidai sinif müəllimi Təranə Nuriyevanın sözlərinə görə,  monitorinqlərin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin bilik və bacarıqlarının real vəziyyətini müəyyən etməyə, məktəblər, rayonlar və regionlar üzrə tədrisin keyfiyyətini müqayisə etməyə imkan yaradır:

184637

"4 və 6-cı siniflər üzrə keçirilən monitorinq imtahanları son illərdə təhsil sistemində qiymətləndirmə mədəniyyətinin formalaşdırılması baxımından mühüm addımlardan biridir. Bu monitorinqlərin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin bilik və bacarıqlarının real vəziyyətini müəyyən etməyə, məktəblər, rayonlar və regionlar üzrə tədrisin keyfiyyətini müqayisə etməyə imkan yaradır. Nəticələr əsasında hansı mövzuların mənimsənilməsində çətinliklərin olduğu, hansı bacarıqların zəif inkişaf etdiyi daha aydın görünür və gələcək planlaşdırma üçün əhəmiyyətli məlumat bazası formalaşır.

Monitorinq imtahanlarının digər müsbət tərəfi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına və qiymətləndirmə proseslərinə erkən adaptasiyaya şərait yaratmasıdır. Şagirdlər müxtəlif tipli tapşırıqlarla işləməyi, vaxt bölgüsünü düzgün aparmağı və öz biliklərini obyektiv qiymətləndirməyi öyrənirlər. Eyni zamanda müəllimlər də öz tədris fəaliyyətlərinə kənardan baxmaq, nəticələri təhlil etmək və tədris strategiyalarını yenidən nəzərdən keçirmək imkanı əldə edirlər".

Monitorinqlərin əsas məqsədi məktəbləri və ya müəllimləri müqayisə etmək deyil, tədris prosesində mövcud problemləri aşkarlamaq və onların aradan qaldırılmasına dəstək vermək olmalıdır:

"Bununla yanaşı, müəyyən məqamlar da diqqətdən kənarda qalmamalıdır. Bəzən monitorinq nəticələrinin həddindən artıq ön plana çəkilməsi müəllimləri və şagirdləri yalnız test nəticəsinə fokuslanmağa sövq edir. Halbuki təhsil yalnız testdə yüksək nəticə göstərməkdən ibarət deyil; yaradıcılıq, əməkdaşlıq, ünsiyyət və tənqidi düşünmə kimi bacarıqlar da ən azı akademik biliklər qədər vacibdir.

Digər bir məsələ bütün məktəblərin və şagirdlərin eyni imkanlara malik olmamasıdır. Şəhər və kənd məktəbləri arasında resurs fərqləri, əlavə hazırlıq imkanları və sosial amillər nəticələrə təsir göstərə bilir. Bu səbəbdən monitorinq nəticələrinə yalnız rəqəm kimi deyil, həmin nəticələri formalaşdıran şərait kontekstində yanaşmaq daha doğru olar.

Mənim fikrimcə, monitorinqlərin əsas məqsədi məktəbləri və ya müəllimləri müqayisə etmək deyil, tədris prosesində mövcud problemləri aşkarlamaq və onların aradan qaldırılmasına dəstək vermək olmalıdır. Əgər nəticələr inkişaf üçün bir vasitə kimi istifadə edilərsə, bu qiymətləndirmələr təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə ciddi töhfə verə bilər".

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox