2026-cı ildə keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.
Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar. Məlumdur ki, imtahanda 60 yaşdan sonra müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər.
Maraqlıdır, bu il region üzrə neçə müəllimin iştirakı nəzərdə tutulur?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Qazax-Tovuz Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, region üzrə 60 yaşdan yuxarı 26 müəllimin sertifikatlaşdırma prosesində iştirakı gözlənilir:
"Həmin müəllimlərin böyük əksəriyyəti fiziki tərbiyə fənnini tədris edir. Onlardan sonra tarix, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri üstünlük təşkil edir".
Qeyd edək ki, ötən ildə ümumilikdə sertifikasiyada 60-dan yuxarı yaşı olan 962 nəfər müəllim iştirak edib.