2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanlarından sonra abituriyentlər arasında müxtəlif fikirlər səslənməkdədir.
Bəzi iştirakçılar sualların əvvəlki illərlə müqayisədə daha çətin olduğunu bildirirlər. Bu isə növbəti qəbul imtahanı ilə bağlı yeni müzakirələr yaradıb.
Maraqlıdır, II cəhddə sualların daha asan olması mümkündürmü?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki, Dövlət İmtahan Mərkəzi hər bir imtahanı əvvəlcədən müəyyən edilmiş elmi və metodiki prinsiplər əsasında hazırlayır:

“Məqsəd sualları sadəcə asan və ya çətin etmək deyil, abituriyentlərin bilik, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarını obyektiv şəkildə qiymətləndirməkdir. Bəzən bir imtahan sessiyasında müəyyən fənlər üzrə suallar daha mürəkkəb görünə bilər. Lakin bu, növbəti sessiyada mütləq daha asan suallar təqdim olunacağı anlamına gəlmir. İmtahanların çətinlik səviyyəsi tamamilə fərqli ola bilər və bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
Digər mühüm məqam isə ondan ibarətdir ki, qəbul prosesində həlledici faktor yalnız sualların çətinliyi deyil. Əsas göstərici iştirakçıların ümumi nəticələri və onların bir-biri ilə müqayisədə göstərdiyi performansdır. Əgər imtahan əksər abituriyentlər üçün çətin olubsa, bu vəziyyət sonradan statistik təhlillərdə və keçid ballarının formalaşmasında da öz əksini tapa bilər.
Məhz buna görə də təhsil mütəxəssisləri abituriyentlərə imtahanın asan və ya çətin olacağı ilə bağlı ehtimallara deyil, hazırlıq prosesinə diqqət yetirməyi tövsiyə edirlər. Çünki yüksək nəticə əldə edənlər adətən imtahanın səviyyəsindən asılı olmayaraq, bütün mövzular üzrə sistemli şəkildə hazırlaşan şəxslər olur”.