Azedu.az

I və IV qrupların diqqətinə: fizikada bal aparan kritik SƏHVLƏR

Qəbul imtahanları

1 İyun 2026, 10:12
I və IV qrupların diqqətinə: fizikada bal aparan kritik SƏHVLƏR

Qarşıdan I və IV ixtisas qrupları üzrə qəbul imtahanları gəlir və fizika hər iki istiqamət üzrə vacib fənlərdən biri hesab olunur. Hər il olduğu kimi, bu il də abituriyentlərin ən çox çətinlik çəkdiyi mövzular, imtahan zamanı yol verdikləri texniki səhvlər və diqqətdən qaçırdıqları vacib məqamlar müzakirə olunur.

Maraqlıdır, son günlərdə keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarını nəzərə alsaq, I və IV qrupların abituriyentlərinə eyni səhvləri təkrarlamamaq üçün hansı tövsiyələri vermək olar?

AzEdu.az-a mövzu ilə bağlı fizika müəllimi, “Örnək müəllim” tituluna layiq görülmüş Təhminə Hüseynova danışıb. 


180212

I və IV ixtisas qruplarında fizika üzrə kiçik diqqətsizlik belə nəticəyə ciddi təsir göstərə bilər:

“Fizika fənni üzrə qəbul imtahanlarında uzun illərdir müşahidə olunan əsas problemlərdən biri şagirdlərin mövzuları daha çox əzbərləmə yolu ilə mənimsəməyə çalışmasıdır. Halbuki Dövlət İmtahan Mərkəzinin son illərdə tətbiq etdiyi sual modelləri artıq təkcə düstur biliyini deyil, həm də məntiqi təfəkkürü, analiz qabiliyyətini və fiziki hadisələri dərindən anlama bacarığını qiymətləndirir. Xüsusilə I və IV ixtisas qruplarında fizika nəticəyə birbaşa təsir edən əsas fənlərdən biri olduğundan, burada edilən kiçik diqqətsizlik belə ümumi balın aşağı düşməsinə səbəb ola bilər”.

Bir çox abituriyent çətin suallara həddindən artıq vaxt sərf edir:

“Müşahidələr göstərir ki, abituriyentlər ən çox mexanika, elektrik, optika və molekulyar fizika bölmələrində çətinliklərlə üzləşirlər. Bunun əsas səbəbi həmin mövzuların yalnız nəzəri bilik deyil, eyni zamanda riyazi analiz bacarığı tələb etməsidir. Qrafiklərin təhlili, çoxmərhələli hesablamalar, vahid çevirmələri və məntiqi müqayisələr üzərində qurulan suallar daha riskli hesab olunur. Əslində isə bir çox hallarda çətinliyin səbəbi bilik çatışmazlığından çox, həyəcan, tələskənlik və diqqət dağınıqlığı olur.

Keçmiş imtahanların təhlili göstərir ki, ən çox rast gəlinən səhvlər arasında sualın tam oxunmaması, ölçü vahidlərinin nəzərə alınmaması, işarə səhvləri, sadə hesablama yanlışlıqları və vaxtın düzgün idarə edilməməsi xüsusi yer tutur. Bir çox abituriyent çətin suallara həddindən artıq vaxt ayırır və nəticədə daha rahat həll edə biləcəyi tapşırıqları cavabsız qoyur”.

Son günlərdə yeni mövzu öyrənməkdən çox, səhvlərinizi analiz edin:

“II və III ixtisas qrupları üzrə keçirilən son imtahanlardan sonra aparılan müzakirələr də göstərdi ki, diqqət və analiz tələb edən suallar şagirdləri daha çox çətin vəziyyətdə qoyub. Bu baxımdan I və IV ixtisas qruplarının abituriyentlərinə tövsiyə edərdim ki, son günlərdə yeni mövzular öyrənməyə deyil, daha çox buraxdıqları səhvlərin təhlilinə diqqət yetirsinlər. Çünki imtahanda üstünlük qazandıran amil yalnız çox sayda test işləmək deyil, hansı səhvi niyə etdiyini anlamaqdır.

Eyni zamanda, psixoloji hazırlıq da mühüm rol oynayır. Bəzən kifayət qədər biliyə malik olan şagird imtahan həyəcanı səbəbindən real potensialını ortaya qoya bilmir. Buna görə də abituriyentlər öz üzərlərində əlavə təzyiq yaratmamalı, imtahana "bildiklərimi düzgün tətbiq etməliyəm" yanaşması ilə hazırlaşmalıdırlar. Fizika qorxulu fənn deyil. Düzgün analiz, diqqət və müntəzəm məşqlə bu fəndən yüksək nəticə əldə etmək mümkündür".

TƏCİLİ! İranda dəhşətli partlayışlar: ABŞ əməliyyata başladı
Son xəbərlərDaha çox