“Bizim yazıçılarımız müxtəlif dövrlərdə dilimizə yeni sözlərin daxil olması üçün söz yaradıcılığı ilə məşğul olublar”.
AzEdu.az xəbər verir ki, bu sözləri “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışı zamanı deyib.
O bildirib ki, bir sıra sözlər ədəbiyyat vasitəsilə dilimizə daxil olub:
“Məsələn, "səmimi" sözü, eləcə də "nəfəslik" kimi sözlər yazıçıların əsərləri vasitəsilə dilimizə keçmişdir. Belə nümunələrin sayını artırmaq mümkündür. Yazılı ədəbiyyat dilin zənginləşməsinin əsas mənbələrindən biridir.
Bu baxımdan arxaizmləri ayrıca qeyd etmək vacibdir. Zaman-zaman müxtəlif ictimai-siyasi proseslər nəticəsində dildə işləkliyini itirərək arxa plana keçmiş sözlər müstəqillik dövründə dilin daxili imkanları hesabına yenidən aktuallaşa bilir. Belə sözlər yenidən işləkliyini və zəruriliyini bərpa edə bilir.
Ona görə də arxaizmlər dilin zənginləşmə mənbələrindən biri kimi qəbul olunmalıdır.
Dialektizmlər də çox mühüm sahədir. Azərbaycan dialektlərində kifayət qədər söz mövcuddur ki, onlar müxtəlif dövrlərdə arxa plana keçsə də, sonradan yenidən aktivləşərək geniş işlənmə imkanları qazanmışdır”.