Azedu.az

Tələbələr WUF13-də mühüm layihələrə imza atıblar

Tələbələr

22 May 2026, 15:27
Tələbələr WUF13-də mühüm layihələrə imza atıblar

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının tələbələri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında  (WUF13) istifadə olunan bir sıra dizayn və tətbiqi layihələr icra ediblər. 

AzEdu.az xəbər verir ki, layihələr müvafiq şirkətin sifarişi əsasında kafedranın baş müəllimi Anar Əsədovun rəhbərliyi ilə tələbələr Möhtəşəm Eldarov, Zahid Xankişiyev, Ləman Səfərli, Fidan Məmmədzadə, Nigar Şahvələd, Aydan Musayeva, Əsmər Mirzəzadə və Əzizə Əzizova tərəfindən hazırlanıb.

İcra olunan işlər arasında “Time Travel” adlı video-instalyasiya xüsusi maraq doğurub. Layihədə 1880–2026-cı illər ərzində Bakı şəhərinin inkişaf mərhələləri, urbanistik dəyişiklikləri və memarlıq transformasiyası müasir vizual həllərlə təqdim edilib.

Tələbələr, eyni zamanda şəhər mühiti üçün innovativ və ekoloji yönümlü skamya konseptləri də hazırlayıblar. Dizaynlarda günəş panelləri vasitəsilə enerji toplama sistemi, gecə işıqlandırılması, mobil telefonların enerji ilə təmin olunması üçün USB çıxışları, həmçinin uşaqlar və böyüklər üçün erqonomik uyğunluq nəzərə alınıb. Konseptlər funksionallıq və estetik baxımdan müasir şəhər mühitinə uyğunlaşdırılıb.

Forum iştirakçılarının istiqamətləndirilməsi məqsədilə müxtəlif ölçü və formatlarda Totem və Lollipop tipli informasiya elementlərinin dizaynı və hazırlanması da tələbələr tərəfindən həyata keçirilib. Bununla yanaşı, forumun ümumi vizual-estetik mühitinin formalaşdırılmasına xidmət edən digər tətbiqi işlər də icra olunub.

Qeyd edək ki, BMU WUF13 çərçivəsində “Urban Expo” sərgisində də innovativ konsept layihələrlə təmsil olunub. Universitet sərgidə “Gələcəyin şəhər modelinə ənənəvi və orqanik yanaşma” mövzusunda urbanistika və memarlıq sahələrini əhatə edən iki konseptual tədqiqat layihəsi təqdim edib. Bu layihələr tələbələrin nəzəri biliklərini beynəlxalq platformada praktik şəkildə tətbiq etmələri baxımından mühüm təcrübə olub.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox