https://www.zirve.edu.az/
21.01.2019 16:00
Müəllimin səhlənkarlığı təqaüdün kəsilməsinə yol açır - Tələbələri qorxudan MƏQAM

Yeni ildən sonra ali məktəblərdə tələbələrin imtahan ayı başlayıb. Hazırda davam edən bu bir ay çərçivəsində tələbələrin sosial şəbəkələrdəki paylaşımlarında diqqət çəkən bir məqam var. Əksəriyyət imtahanlarda nəzarətçi funksiyasını yerinə yetirən müəllimlərdən narazılıq edirlər. Nəzarətçi müəllimlərin aqressiv olması, həddindən artıq ciddi davranması tələbələrə psixoloji təsir edir. Aydın olur ki, nəzarətçi müəllimin gülərüz olması, tələbələri daha da stresə salmayacaq şəkildə mülayim davranması gənclərin ürəyincədir.

Bəs nəzarətçi müəllim nələrə diqqət etməlidir? Müəllimin çox ciddi davranması, aqressivliyi tələbələrdə əlavə gərginlik yaradırmı?

Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov söyləyib ki, hər müəllim  bir aylıq imtahan müddətində maksimum 5-6 dəfə nəzarətçi olur. Onun sözlərinə görə, nəzarətçi müəllimlərə imtahanda köçürməyə heç bir halda şərait yaratmamaq tapşırılır:

“Nəzarətçi müəllim daha çox tələbəni köçürməyə görə saxlayıb, imtahandan xaric edə bilər. Əslində bu, məqsəd olmamalıdır. Məqsəd odur ki, tələbə köçürməyə, başqasına kömək etməyə fürsət tapmasın. Təbii ki, bu prosesi təmin edərkən, müəllim aqressiv olmamalı, gərginlik yaratmamalıdır. Bəzən hətta müəllim imtahanın əvvəlində səhlənkar yanaşır ki, tələbə köçürməyə əl atsın, onu tutub, xaric etsin. Amma bu düzgün deyil. Bizim universitetdə əgər tələbə köçürməyə görə imtahandan xaric edilərsə, həmin fənn üzrə bütün nəticələri ləğv edilir, kəsrə qalır.

Çalışmaq lazımdır ki, imtahan otaqlarında tələbələrin sayı çox olmasın. Bir nəzarətçinin maksimum 30 nəfərə nəzarət etməsi mümkündür. Bundan çox olmasa daha yaxşıdır. Əgər nəzarətçi müəllimlə tələbənin arasında problem yaşanırsa, imtahan prosesi kameradan izlənir, obyektiv qərar verilir. Bir nəzarətçinin sözü ilə tələbəni imtahandan çıxartmaq olmaz.

Qərb universitetlərində imtahan prosesində heç bi nəzarətçi yoxdur. Amma tələbələr köçürməyə can atmırlar. Mən Türkiyədə oxumuşam, orada imtahanda köçürməyə əl atan tələbəni bir illiyə universitetdən xaric edirlər. Başqasının yerinə imtahana girmək həddindən artıq ağır cəzalandırılır”.

Prorektor xüsusi vurğulayıb ki, nəzarətçilərin tələbələrlə aqressiv davranması düzgün deyil:

“İmtahanda normal şəraiti yaratmaq, səssizliyi təmin etmək, köçürməyə meyilli tələbələrin yerini dəyişmək lazımdır. Amma əsas məsələ tələbələrin nəticələrinin obyektiv qiymətləndirilməsidir. Çünki indi təqaüd məsələsi də ciddi rəqabət yaratdığından imtahanı yoxlayan müəllimlərin kiçik bir səhlənkarlığı tələbənin təqaüddən kəsilməsinə gətirib çıxara bilər. Bircə balın belə tələbələr üçün vacib olduğunu nəzərə almalıyıq”.