Azedu.az

Çətin imtahan, aşağı nəticə: universitetə qəbul şansı ARTA BİLƏR

İmtahanlar

21 Aprel 2026, 10:11
Çətin imtahan, aşağı nəticə: universitetə qəbul şansı ARTA BİLƏR

Buraxılış imtahanının nəticələri artıq açıqlanıb və ortaya çıxan statistika ciddi müzakirələrə səbəb olub. Belə ki, imtahanda maksimum nəticə - 300 bal toplayanların sayı cəmi 3 nəfər olub.

İmtahandan sonra abituriyentlərin böyük əksəriyyəti sualların çətinliyindən şikayətlənirdi və nəticələr də bu narazılıqları müəyyən mənada təsdiqlədi. Digər buraxılış imtahanının nəticələri hələ açıqlanmasa da, həmin imtahanda iştirak edən şagirdlər də oxşar şəkildə çətinlikdən gileylənirdilər.

Bu vəziyyət fonunda əsas suallardan biri belədir: qəbul zamanı keçid balları aşağı düşəcəkmi? Xatırladaq ki, ötən il qəbul ballarında ciddi artım müşahidə olunmuşdu. Bəs bu il necə olacaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən tətbiq olunan qiymətləndirmə mexanizmlərinin bu il daha dəqiq seçici funksiyaya malik olduğu müşahidə olunur:

“9 mart tarixində keçirilmiş buraxılış imtahanının statistik göstəriciləri keçid ballarının formalaşması ilə bağlı ciddi siqnallar verir və mövcud vəziyyəti bir neçə amili nəzərə alaraq proqnozlaşdırmaq mümkündür.

İlk növbədə, orta göstəricilərin aşağı düşməsi diqqət çəkir. Keçid balları yalnız abituriyentlərin fərdi hazırlıq səviyyəsindən deyil, imtahanın çətinlik dərəcəsindən və ümumi rəqabət mühitində digər iştirakçıların topladığı ballardan asılı olur. Məsələn, ötən il maksimum nəticə göstərənlərin sayı 23 nəfər olduğu halda, bu il bu rəqəm 3-ə düşübsə, bu, sualların daha yüksək differensiallaşdırma qabiliyyətinə malik olduğunu göstərir. Eyni zamanda, Dövlət İmtahan Mərkəzi tərəfindən tətbiq olunan qiymətləndirmə mexanizmləri bu il daha dəqiq seçici funksiyaya sahib olub.

Əgər əvvəlki illərdə sualların böyük hissəsi daha çox bilik, anlama və qavrama səviyyəsinə yönəlirdisə, bu il keçirilən imtahanlarda tətbiq, analiz və sintez səviyyəli tapşırıqların çəkisi artıb. Bu metodoloji yanaşma yüksək akademik potensiala malik abituriyentlərlə orta səviyyəli hazırlığı olanlar arasında daha dəqiq fərqləndirmə aparmağa imkan yaradır.

Nəticə etibarilə, testlərin çətinlik dərəcəsinin artırılması maksimum nəticəni daha əlçatmaz edir, eyni zamanda imtahanın ölçmə vasitəsi kimi effektivliyini və rəqabət mühitinin obyektivliyini gücləndirir. Lakin bu hal ümumi bal ortalamasının aşağı düşməsi ilə nəticələnir ki, bu da birbaşa olaraq keçid ballarının ötən illə müqayisədə aşağı düşməsi ehtimalını artırır”.

Sualların çətinlik səviyyəsi yüksək olduqda ümumi nəticələr aşağı düşür və bu da keçid ballarına birbaşa təsir edir:

“Ötən il xüsusilə 250-300 bal aralığında ciddi sıxlıq yaranmışdı və bu səbəbdən yüksək bal tələb edən ixtisaslarda keçid balları kəskin şəkildə artmışdı. Bu il isə həmin sıxlığın azalması fonunda keçid ballarında müəyyən enmələrin müşahidə olunması mümkündür.

Bu il həmin bal intervalında seyrəklik yarandığı üçün, xüsusilə reytinqli ixtisaslarda keçid ballarının stabil qalması və ya azalması gözlənilir. Bu isə yüksək ballı ixtisaslarda rəqabətin nisbətən zəifləməsi deməkdir. Burada blok imtahanlarının həlledici rolu mütləq olacaq. Buraxılış imtahanı ümumi nəticənin 300 balını təşkil edir ki, bu da 700 ballıq şkalada təxminən 43 faiz deməkdir. Əgər 9 mart və sonrakı imtahanlarda nəticələr aşağıdırsa, keçid ballarının taleyi əsasən iyul ayında keçiriləcək blok imtahanlarından asılı olacaq.

Əgər blok imtahanları da eyni metodologiya ilə, yəni daha çox analitik və mürəkkəb suallarla tərtib olunarsa, keçid ballarında ciddi azalma qaçılmaz görünür. Başqa sözlə, sualların çətinlik səviyyəsi yüksək olarsa, ümumi nəticələr aşağı düşəcək və bu da keçid ballarına birbaşa təsir edəcək”.

9 mart imtahanında aşağı nəticə göstərən abituriyentlər bunu fərdi uğursuzluq kimi deyil, ümumi tendensiyanın bir hissəsi kimi qəbul etməlidirlər:

“Ötən il yüksək ballar daha çox imtahanın nisbətən asan olması ilə izah olunurdu. Bu il isə görünən odur ki, Dövlət İmtahan Mərkəzi nəticələri daha real və obyektiv səviyyəyə yaxınlaşdırmağa çalışır. Bu isə o deməkdir ki, keçən il müşahidə olunan rekord artımların bu il təkrarlanması ehtimalı aşağıdır. 9 mart imtahanında aşağı nəticə göstərən abituriyentlər bunu fərdi uğursuzluq kimi deyil, ümumi tendensiyanın bir hissəsi kimi qəbul etməlidirlər. Çətin suallar hər kəs üçün çətindir və bu, sonda keçid ballarının enməsinə təsir göstərə bilər.

Bu baxımdan abituriyentlər ruhdan düşməməli, hazırlıqlarını davam etdirməlidirlər. Ümid etmək olar ki, blok imtahanlarında daha yaxşı nəticə göstərərək istədikləri ixtisasa və arzuladıqları universitetlərə qəbul ola biləcəklər”.

Xameneidən şok qərar - Amerika küçələrində q*anlar töküləcək!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox