Azedu.az

III qrup niyə “populyarlığını” itirir? - plan yerləri boş qala BİLƏR

İmtahanlar

20 Aprel 2026, 12:06
III qrup niyə “populyarlığını” itirir? - plan yerləri boş qala BİLƏR

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyat prosesi davam edir. Statistik göstəricilərə əsasən, ən çox müraciət I və II ixtisas qrupları üzrə qeydə alınıb, ən az müraciət isə III və IV qruplardadır. Ötən illərdə isə ən çox iştirakçı III ixtisas qrupunda olduğundan, builki göstəricilər müəyyən suallar doğurur.

Maraqlıdır, bu azalmanın əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AzEdu.az-a Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli açıqlama verib.


181578

O qeyd edib ki, əvvəllər ən prestijli sayılan III qrup ixtisaslarına maraq son illərdə azalıb:

"Son illərdə qəbul statistikasına baxanda görə bilərik ki, III ixtisas qrupuna müraciət edən abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə azalmağa başlayıb. Bunun arxasında həm təhsil sistemi, həm də əmək bazarı ilə bağlı müəyyən dəyişikliklər dayanır.

Əvvəllər III qrup ixtisasları, xüsusilə hüquq, beynəlxalq münasibətlər, filologiya kimi sahələr abituriyentlər arasında ən prestijli seçimlərdən sayılırdı. Lakin zaman keçdikcə bu sahələrə marağın bir qədər azalması müşahidə olunur. Bunun əsas səbəblərindən biri əmək bazarındakı dəyişikliklərdir. Bu ixtisaslar üzrə məzunların sayı artdıqca, iş tapmaq çətinləşir və bu da yeni abituriyentlərin seçimlərinə təsir edir. Həmçinin bu ixtisaslar üzrə sonrakı mərhələdə əlavə imtahanların (MİQ, prokurorluq, polis və s.) olması da seçimə təsir göstərən amillərdəndir".

III ixtisas qrupuna marağın azalmasının əsas səbəblərindən biri onun yüksək keçid balları və əmək bazarında daha az gəlir vəd etməsi ilə bağlıdır:

"Digər tərəfdən, III qrup uzun müddət ən yüksək keçid balları ilə seçilən qrup olub. Bu isə bir çox abituriyent üçün müəyyən risk yaradır. Hətta yaxşı nəticə göstərənlər belə düşünür ki, eyni balla başqa qrupda daha rahat şəkildə qəbul olmaq mümkündür. Nəticədə, bir növ “təhlükəsiz seçim” meyli formalaşır. Yüksək bal toplayan abituriyentlər rəqabətdə üstünlük qazandığı üçün orta və aşağı bal toplayanlar bu qrupdan uzaqlaşmağa üstünlük verir və bu da müraciət sayının azalmasına gətirib çıxarır.

Eyni zamanda III qrup ixtisaslarının bir hissəsi daha çox “romantik” və nəzəri yönümlü hesab olunur və bəzən əmək bazarında yüksək gəlir vəd etmədiyi düşünülür. Bu da abituriyentlərin daha praktik və gəlirli sahələrə yönəlməsinə səbəb olur. Bəzi ixtisaslar üzrə isə dövlət sifarişi yerlərinin məhdud olması, pulsuz təhsil imkanlarının azlığı seçim zamanı ciddi faktor kimi çıxış edir. Digər ixtisas qruplarında daha geniş və praktik yönümlü seçim imkanlarının olması da III qrupa marağı zəiflədir".

Əgər müraciət sayı azalmaqda davam edərsə, bəzi ixtisaslar üzrə plan yerlərinin tam dolmaması ehtimalı artır:

"Bu tendensiyanın ali təhsil müəssisələrinə təsiri isə qaçılmazdır. Əgər müraciət sayı azalmaqda davam edərsə, bəzi ixtisaslar üzrə plan yerlərinin tam dolmaması ehtimalı artır. Bu, xüsusilə region universitetlərində və daha az tanınan proqramlarda daha qabarıq şəkildə özünü göstərə bilər.

Digər gözlənilən nəticə keçid ballarının enməsidir. Rəqabət azaldıqca, qəbul üçün tələb olunan minimal bal da aşağı düşür. Bu, bir tərəfdən abituriyentlər üçün imkanları genişləndirsə də, digər tərəfdən təhsilin ümumi keyfiyyəti ilə bağlı suallar yarada bilər.

Uzunmüddətli perspektivdə çox güman ki, bəzi ixtisaslar yenilənəcək, daha praktik və əmək bazarına uyğun proqramlar yaradılacaq. Eyni zamanda, tələbatı az olan sahələrdə plan yerlərinin azaldılması və ya proqramların birləşdirilməsi də mümkün olacaq.

Ümumilikdə, III ixtisas qrupuna marağın azalması sadəcə statistika deyil. Bu, abituriyentlərin seçim meyarlarının dəyişdiyini və artıq daha çox real imkanlara əsaslanan qərarlar verdiyini göstərir. Bu dəyişikliklər isə yaxın illərdə ali təhsil sistemində daha ciddi transformasiyalara səbəb ola bilər".

Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox