Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 16:14:00
İnformatika fənni üzrə doktorluq imtahanlarına start verildi  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına start verilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, imtahanlarda 500-dək doktorant və dissertantın iştirak edəcəyi gözlənilir.

2018-ci ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

İmtahanlar ildə 2 dəfə – yanvar və iyun aylarında keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabr aylarında növbədənkənar imtahanlar təşkil olunur.

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır. AMEA-nın Gəncə və Naxçıvan bölmələrində, Naxçıvan Dövlət Universitetində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar üçün müvafiq dərslər TİM tərəfindən distant formada tədris olunur. 2016-cı ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar da internet üzərindən distant formada keçirilir.