Azedu.az

“Örnək müəllimlər”: “Ən gözəl təşəkkür şagirdlərin uğuru və valideynlərin hörmətidir"

Xəbərlər

Məktəblər

7 Mart 2026, 13:33
“Örnək müəllimlər”: “Ən gözəl təşəkkür şagirdlərin uğuru və valideynlərin hörmətidir"

Sabah 8 Mart-Beynəlxalq Qadınlar Günüdür. Bayram ərəfəsində hər il müəllimlərə verilən hədiyyələr cəmiyyətimizdə müzakirə mövzusuna çevrilir. Ancaq bir çox hallarda valideynlər müəllimlərin xəbəri olmadan hədiyyə alırlar. Buna baxmayaraq, nəticədə müəllimlər günahkar vəziyyətə düşür.

AzEdu.az mövzu ilə bağlı "Örnək müəllimlər" ilə həmsöhbət olub. 

Mövzu ilə bağlı fikir bildirən, "Örnək müəllim" Vüsalə Ağaliyeva qeyd edib ki, hədiyyə olsa da, olmasa da, özümü xoşbəxt müəllim hiss edirəm:

179091

"Bu mövzuda fikirlər müxtəlifdir. Hər kəs öz şəxsi düşüncəsi və dünyagörüşü ilə yanaşır bu mövzuya. Bir halda ki, "Beynəlxalq Qadınlar Bayramı"dır və müəllim də qadındırsa, onun da şagirdlər tərəfindən təbrikə haqqı var.
Bu təbrik xoş sözlər, açıqca, gül, ətir ola bilər (əgər həqiqətən şagird və valideynlərin ürəyindən keçirsə).

Amma son illərdə, xüsusilə də şəhər məktəblərində bəzi xoşagəlməz hallar baş verir və bu da müəllimi nüfuzdan salır. Fikrimcə, müəllim özü buna yol verməməlidir. Əgər həqiqətən "bahalı" hədiyyədən xəbərsizdirsə və belə halların baş verməməsi üçün öncədən valideyn komitəsinin rəhbərinə xəbərdarlıq etməlidir.

Özüm məktəbli olduğum illərdə hər zaman öz müəllimlərimizə hədiyyə etmişik və bunu böyük problemə çevirməmişik. 12 ildir ki, kiçik bir kənddə müəllim işləyirəm. Bacardığım qədər şagirdlərə ilk öncə sevgi, sonra isə elm verirəm. Onların dünyagörüşünün formalaşmasında əmək sərf edirəm.

Hədiyyəyə gəldikdə isə təkcə 8 martda deyil, hər xoş keçən dərsimizin sonunda körpə fidanların öz körpə əlləri ilə yazdıqları sevgi dolu məktublar "bahalı" hədiyyələrdən 1000 dəfə dəyərlidir. Belə yadigar saxladığım hədiyyələrin sayı minlərlədir. Hədiyyə olsa da, olmasa da, özümü xoşbəxt müəllim hiss edirəm".

 

"Örnək müəllim" İlahə Hüseynovanın sözlərinə görə, bir çox müəllim üçün 8 Mart kimi günlər bayram sevincindən daha çox "etik gərginlik" mənbəyinə çevrilir:

179094

"Bu, həqiqətən də təhsil sistemində və cəmiyyətdə ən həssas, həm də çoxşaxəli mövzulardan biridir. Müəllimlərin bu məsələdəki mövqeyi çox vaxt bir neçə fərqli müstəvidə özünü göstərir:

​Bir çox müəllim üçün 8 Mart kimi günlər bayram sevincindən daha çox "etik gərginlik" mənbəyinə çevrilir. Müəllimlər peşə nüfuzunu qorumaq və hər hansı bir maddi asılılıq təəssüratı yaratmamaq üçün bu cür müzakirələrin mərkəzində olmaqdan narahatlıq keçirirlər. Onların əsas mövqeyi budur ki, müəllimin əməyinin ən böyük mükafatı şagirdin uğurudur.

Müəllimlər üçün uşaqların əlləri ilə hazırladığı bir açıqça, səmimi bir təbrik videosu hər hansı maddi hədiyyədən qat-qat dəyərlidir. Müəllimlər istəyirlər ki, cəmiyyət onlara "hədiyyə gözləyən şəxs" kimi deyil, gələcəyi formalaşdıran mütəxəssis kimi baxsın.

​Son illərdə bir çox müəllim qabaqcadan valideynlərə müraciət edərək heç bir pul yığımının və ya hədiyyə alınmasının tərəfdarı olmadıqlarını açıq şəkildə bəyan edirlər. Bu, həm müəllimi, həm də valideyni lazımsız yükdən və mənfi müzakirələrdən sığortalayır.
​Müəllimlərin əksəriyyəti bu məsələdə "günahkar" tərəf kimi qələmə verilməkdən yorulublar. Onların arzusu bayramların "maddi yarışa" deyil, qarşılıqlı hörmət və mənəvi dəyərlər müstəvisinə qayıtmasıdır".

 

179095

"Örnək müəllim" Turanə Abbasovanın sözlərinə görə, bəzən valideynlər bunu sadəcə hörmət və təşəkkür ifadəsi kimi, öz istəkləri ilə edirlər. Buna görə də belə hallarda müəllimi günahkar kimi göstərmək doğru yanaşma deyil:

"Son günlərdə 8 Mart ərəfəsində müəllimlərə verilən hədiyyələr mövzusu yenidən cəmiyyətdə müzakirə olunur. Bu məsələyə bir müəllim kimi münasibət bildirmək istərdim.

Mənim fikrimcə, müəllim üçün ən böyük hədiyyə savadlı, tərbiyəli və uğurlu şagirdlərdir. Eyni zamanda müəllimi anlayan, onun əməyini qiymətləndirən və təhsil prosesində ona dəstək olan valideynlər də müəllim üçün böyük dəyərdir. Müəllimin əsas qazancı məhz bu münasibət və əməkdaşlıqdır.

Əksər hallarda müəllimlər hədiyyə tələb etmir və belə təşəbbüslər müəllimlərin xəbəri olmadan valideynlər tərəfindən edilir. Bəzən valideynlər bunu sadəcə hörmət və təşəkkür ifadəsi kimi, öz istəkləri ilə edirlər. Buna görə də belə hallarda müəllimi günahkar kimi göstərmək doğru yanaşma deyil.

Digər tərəfdən, əgər bu məsələ cəmiyyətdə ictimai qınağa və narahatlığa səbəb olursa, düşünürəm ki, belə təşəbbüslərdən uzaq durmaq daha məqsədəuyğundur. Ən gözəl təşəkkür isə şagirdlərin uğuru, valideynlərin anlayışı və müəllimə göstərilən hörmətdir".

TƏCİLİ! Təbrizdə təxliyə başladı - Soydaşlarımız çıxarılır
Son xəbərlərDaha çox