Azedu.az

Evdə də, dərsdə də "müəllim" rolu:“Həmin uşaqlarda özgüvən zəifləyir”

Xəbərlər

19 Fevral 2026, 16:40
Evdə də, dərsdə də "müəllim" rolu:“Həmin uşaqlarda özgüvən zəifləyir”

Müəllim övladları çox vaxt elə hiss edirlər ki, onlar hər zaman hamıdan yaxşı olmalı və heç vaxt səhv etməməlidirlər. Çünki onların uğursuzluğu həm də valideyninin "zəif müəllim" kimi görünməsinə səbəb ola bilər. Bəzən müəllim valideynlər evdə "müəllim" rolundan çıxa bilmir, övladına uşaq kimi deyil, şagird kimi yanaşırlar.

Maraqlıdır, bu yüksək gözlənti uşaqda hansı psixoloji gərginliyi yaradır? 

AzEdu.az- a mövzu ilə bağlı psixoloq Gülnar Orucova açıqlama verib.

O qeyd edib ki, sanki müəllim övladlarına cəmiyyətin biçdiyi müəyyən qadağalar var. Bu səbəbdən müəllim uşaqları davamlı olaraq özlərini daha yaxşı göstərməyə və səhv etməməyə çalışırlar:

"Bu, olduqca həssas bir mövzudur. Cəmiyyətdə bu cür vəziyyətlərə qarşı müxtəlif fikirlər olur: “Müəllim uşağı belə edərmi?”, “Müəllim övladı buna yol verərmi?”. Sanki müəllim övladlarına cəmiyyətin biçdiyi müəyyən qadağalar var. Bu səbəbdən müəllim uşaqları davamlı olaraq özlərini daha yaxşı göstərməyə və səhv etməməyə çalışırlar.

Burada bir perfeksionizm (mükəmməlliyyətçilik) meyilliliyi var. Sırf müəllim uşaqlarında daha çox rast gəlinən, psixoloji bir vəziyyət kimi ortaya çıxan "səhv etməkdən qorxma" halı mövcuddur. Yəni uşaq davamlı olaraq uğur qazanmağa çalışır, nailiyyətlərini kütləyə sübut etmək istəyir və səhv etməkdən çox qorxur. "Əgər səhv etsəm, valideynlərimə nə deyərlər?" qorxusu ilə yaşayır ki, bu da həmin uşaqlarda bir sıra ciddi problemlərə yol aça bilir".

Belə uşaqlar öz dəyərlərini yalnız əldə etdikləri nəticələrlə ölçürlər. Öz dəyərini nəticə ilə ölçəndə isə istər-istəməz bəzən özünü kimlərlə isə müqayisə edirsən. Bu zaman artıq uşaqda özünüqiymətləndirmə və özgüvən aşağı düşür:

"Birinci növbədə, bu hal uşağın öz hisslərini ifadə edə bilməməsinə səbəb olur; o, hisslərini daxilində yaşayır. Nəticədə uşaq bəzən tənhalaşır, onlarda anksiyete (təşviş), daxili stress və narahatlıq vəziyyəti formalaşır. Bəzən daxildə bir aqressivlik olsa da, bunu gizlətməyə çalışırlar. Cəmiyyətdə qəbul edilməmək qorxusu ilə yaşadıqları üçün belə uşaqlarda sosial fobiya daha çox inkişaf edir. "Nəticəm aşağı olsa, nə olar?" narahatlığı onları davamlı gərginlikdə saxlayır və bu kimi fəsadlara gətirib çıxarır.

Belə uşaqlar öz dəyərlərini yalnız əldə etdikləri nəticələrlə ölçürlər. Öz dəyərini nəticə ilə ölçəndə isə istər-istəməz bəzən özünü kimlərlə isə müqayisə edirsən. Bu zaman artıq uşaqda özünüqiymətləndirmə və özgüvən aşağı düşür. Bu problemlər həmin uşaqların cəmiyyətdə lider personaj kimi formalaşmasının qarşısını alır. Əslində isə insanın öz uğurunu davamlı olaraq yalnız nəticə ilə ölçməsi düzgün deyil".

Cəmiyyətin baxışı bəzən çox qəribə olur: "müəllimə də belə edərmi? Müəllimə də belə geyinərmi?". Halbuki, müəllim yalnız məktəbin qapısından içəri girəndə müəllimdir. Ondan kənarda o da normal bir insandır:

​"Valideynlərə gəldikdə isə, bəzən maraqlı mənzərələrlə qarşılaşırıq. Məsələn, keçən gün TikTok platformasında bir səs yazısına rast gəldim. Bir ana müəllimədir və qrupa səs ataraq valideynlərə tövsiyə verir. Bu zaman uşaq arxadan qəribə bir səs çıxarır. Müəllimə dərhal təşvişə düşür ki, "mən neyləyim ki, bu səs ora getməsin". Uşaqdır, o səsi bəlkə də sadəcə oyun olsun deyə çıxarır, amma müəllimə bunu "pis" bir hal kimi qəbul edir. Əslində səs yazısını eləcə atsaydı, bəlkə də o səs heç o qədər hiss olunmayacaqdı. Amma müəllimənin gərginləşməsi cəmiyyətin basqısından irəli gəlir.

​Cəmiyyətin baxışı bəzən çox qəribə olur: "müəllimə də belə edərmi? Müəllimə də belə geyinərmi?". Halbuki, müəllim yalnız məktəbin qapısından içəri girəndə müəllimdir. Ondan kənarda o da normal bir insandır. O da istədiyini geyinə bilər, rəqs edə bilər, çimərliyə gedə bilər və azad yaşamaq haqqı var. Heç kim ona bunu məhdudlaşdırmamalıdır".

Valideyn evdə "müəllim" rolundan çıxa bilməyəndə, uşaq səhvlərini bölüşmək əvəzinə gizlətməyə başlayır; çünki onu anlayış deyil, mühakimə gözləyir:

"Əgər bir valideyn evdə də davamlı olaraq "müəllim" rolunda qalırsa, uşaq artıq onunla heç bir problemini paylaşmır. Çünki uşaq bilir ki, hər hansı bir səhvini bölüşəndə valideyni onu başa düşmək yerinə, bir müəllim kimi daha çox cəzalandırmağa meyilli olacaq. Ana olaraq uşağı başa salmaq əvəzinə, cəmiyyətin təzyiqi altında evdə belə müəllim kimi davranmaq məcburiyyətində qalır. Bu da ailədə emosional istiliyi azaldır və uşağın valideyndən hər şeyi gizlətməsinə səbəb olur.

​Yəni ki, bu uşaqlarda böyüdükcə tənhalaşma prosesi baş verir və bu tənhalaşma xüsusilə də yetkinlik dövründə özünü daha qabarıq göstərir. Bu hal bəzən özünü tükənmişliklə (burnout), bəzən də anksiyete (təşviş) ilə büruzə verir. Çünki bu uşaqlar tənqidə qarşı olduqca həssas olurlar.

​Əslində isə biz həm bir insan olaraq, həm də cəmiyyət olaraq tənqidə qarşı açıq olmalı və tənqidləri qəbul etməyi bacarmalıyıq. Çünki tənqidləri qəbul etdiyimiz zaman onları düzəltmək və üzərində işləmək daha asan olur. Amma biz bu tənqidi qəbul etməyəndə, daxilimizdə stress, narahatlıq, qorxu, gərginlik, əsəbilik və aqressivlik kimi mənfi hallar ortaya çıxır".

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox