Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 23:47:00
Son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sistemi formalaşdırılır

Azərbaycan Kooperasiya Universitetində təhsilin elektron informasiya idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə ölkənin qabaqcıl informasiya texnologiya şirkəti olan “Neuron Technologies” ilə müqavilə imzalanıb. Universitetdən AzEdu.az-a bildirilib ki, bu müqaviləni imzalamaqda ali təhsil ocağının əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəaqbətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı”, onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, Təhsil Nazirliyinin müvafiq əmr və göstərişləri, xarici və ölkədaxili qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsi əsasında müəyyən edilmiş strateji hədəfə çatmaqdır.

Azərbaycan Kooperasiya Universiteti “Unibook” – təhsil informasiya idarəetmə sistemini bulud platformasında istifadə etməklə bu mütərəqqi dünya texnologiyalarına əsaslanan sistemin tətbiqinə start verəcək.

 

Müqaviləni Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzalayıblar.

 

“Unibook” – elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər altsistemlərin tətbiqi nəzərdə tutulur. “Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış altsistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Kooperasiya Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.