Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 12:46:52
Yeni qəbul proqramı bu tarixdə açıqlanacaq – “Abituriyent”in  dəqiq nəşr  vaxtı  

Son günlərdə qəbul proqramının nəşr olunmamasıyla bağlı narahatlıqlar artmaqda davam edir.

Müəllimlər iddia edir ki, dərsləri kor-koranə keçib, abituriyentlərə hansı mövzular üzrə istiqamət verəcəklərini bilmirlər.

Dövlət İmtahan Mərkəzi sorğumuza cavab olaraq jurnalın yanvar ayında nəşr olunacağını açıqlamışdı.

Mərkəzdən AzEdu.az-a verilən yeni məlumata görə, hazırda jurnalın üzərində iş gedir. Məlumatda qeyd olunur ki, “Abituriyent” jurnalının 1-ci buraxılışı yaxın 10 gün ərzində çap olunacaq. 

Xatırladaq ki, DİM AzEdu.az-ın sorğusuna cavab olaraq bildirmişdi ki, qəbul qaydalarının hüquqi cəhətdən təsdiqi bir neçə orqanla razılaşdırma aparıldıqdan sonra həyata keçirilir. Qaydalar təsdiqləndikdən sonra jurnalın nəşr olunacağı söylənilmişdi. 

Nəzərinizə çatdıraq ki, dekabrın ikinci yarısında Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Yəni, rəsmi olaraq qəbul qaydaları dəyişdirilib və öz təsdiqini tapıb.

DİM-dən verilən yeni məlumatı nəzərə alsaq, yaxın 10 gün ərzində abituriyent və müəllimlərin böyük səbirsizliklə gözlədiyi ixtisas qrupları üzrə qəbul proqramı çapdan çıxacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları