Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-04 10:38:49
Rəhbərlik etdiyi kompaniya haqqında doktorluq dissertasiyası yazan azərbaycanlı milyarder – DOSYE  

AzEdu.az dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alimlərlə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə barəsində danışacağımız şəxs nüfuzlu “Forbes” dərgisində adı çəkilən iş adamı Vahid Ələkbərovdur: 

Ələkbərov Vahid Yusif oğlu 1950-ci il sentyabr ayının 1-də Bakı şəhərində anadan olub. Orta məktəbi 1972-ci ildə bitirib və dərhal "Xəzərdənizneft” müəssisəsində işləməyə başlayıb. 

Vahid Ələkbərov 1974-cü ildən başlayaraq, istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  “Neft və qaz yataqlarının işlənməsinin kompleks mexanikləşdirilməsi mühəndisi” ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək  “Lukoyl” şirkətinin prezidentidir.

“Lukoyl” şirkətinin prezidenti vəzifəsində olduğu müddət ərzində Ələkbərov “Şaquli inteqrasiya olunmuş neft kompaniyalarının şaquli stabil inkişafı üçün şəraitin formalaşması və təmin edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1998-ci ildə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır.  Maraqlıdır ki, alimin doktorluq disssertasiyasının tədqiqat obyekti məhz öz rəhbərlik etdiyi kompaniya idi.

Hazırda Vahid Ələkbərov həm də Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür, “Volqoqrad Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülüb. Neft sənayesi, iqtisadi münasibətlər barədə bir neçə kitabın müəllifidir.

Azərbaycanlı alim-biznesmenin mükafatları sırasında Rusiya Federasiyasının  "Şərəf nişanı" və Dostluq ordenləri, həmçinin Azərbaycan Respublikasının “Xalqlar dostluğu” və “Şöhrət” ordenləri də var. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. Məşhur “Forbes” jurnalının 2016-cı ildə Amerika Birləşmiş Ştatları “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamları sırasında Vahid Ələkbərovun da adı var.