https://www.zirve.edu.az/
04.01.2019 09:50
Türkiyəli  professor  “Ginnesin Rekordlar Kitabı”na düşən Azərbaycan muzeyindən yazdı - REPORTAJ  
Çap et

AzEdu.az Azərbaycanda çalışan türkiyəli professor  Əli Kutvan Bakıdakı Azərbaycan Miniatür Kitab Muzeyindən  reportaj formatlı yazını təqdim edir: 

Kitabları yalnız məlumat mənbəyi olduqları üçün deyil, bir obyekt, qoxu, masada və ya kitabxanada bir mövqe kimi daha çox sevirəm...

İçəri Şəhərin dar, qıvrım və kölgəli yoxuşundan çıxıram...

Az sonra Bakının gözəl xanımlarından biri ilə görüşəcəyim üçün çox həyəcanlıyam.

Zərifə xanım muzeyin girişində məni qarşıladıqdan sonra iş otağına keçirik. Muzeyə artıq üçüncü gəlişim olsa da, Zərifə xanımla ilk dəfə görüşürəm.

Zərifə xanım 86 yaşında olmasına baxmayaraq, hələ də həyat eşqi və enerjisi bol xanımdır. Çayımızı içərkən,  mənə öncə gələcək layihələrindən, planlaşdırdığı yeni sərgilərdən və Miniatür Kitab Muzeyinin inkişaf strategiyalarından ruh yüksəkliyi ilə danışır.

Zərifə Salahova 1932-ci ildə Bakıda anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsi və Moskva Polygraphic (Editoriyal və təzyiq hissəsi) İnstitutunun məzunudur. O, Azərbaycanın fəxri incəsənət xadimidir.

35 ildir ki, “Azərbaycan Kitabsevərlər Cəmiyyəti”nin sədri, eyni zamanda YUNESKO Azərbaycan Milli Komitəsinin və Milli Olimpiya Komitəsi İcra Şurasının üzvüdür. O, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun professorudur.

Bir sıra milli və beynəlxalq mükafatlar, medal və fəxri diplomların sahibidir.

Zərifə xanım Rusiya Federasiyası İncəsənət Akademiyasının və Rəssamlar İttifaqının II Prezidenti, Azərbaycan rəssamı Tahir Salahovun bacısıdır.  

Zərifə xanım, söhbətimizdə məşhur rəssam Tahir Salahovdan da danışdı. Bu zaman qardaşı haqda  iki maraqlı hadisədən söz açdı.

Birincisi, Heydər Əliyevin Süleyman Dəmirələ ad günü hədiyyəsi barədə…

Həmin dövrdə Türkiyə Cümhuriyyəti Prezidenti Süleyman Dəmirələ 80 yaşı münasibətilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ad günü hədiyyəsinin müəllifi Tahir Salahov olub.  H. Əliyevin hədiyyə etdiyi Süleyman Dəmirəlin yağlı boya ilə portretini Tahir Salahov çəkib. Bu işi o vaxt Tahir Salahova xüsusi olaraq Heydər Əliyev tapşırıb. O da, Süleyman Dəmirəlin portretinə baxaraq yağlı boya ilə tablosu çəkib.

İkincisi, Respublikanın panorama portreti barədə…

Tahir Salahov Qurtuluş Savaşı qəbirüstü abidəsində və Respublikanın strukturunu izah edən panorama portretinin çəkilməsində baş rəssam olub.

Zərifə xanımla muzeyi gəzərkən... Miniatür Kitab Muzeyi haqda təəssüratlar…

Muzeydə əksəriyyəti ən böyükləri 75 x 75 mm ölçüdə və 80 fərqli ölkədən cəmi 5.560 nüsxə miniatür kitab nümayiş olunur. Bütün vitrinlərin qabağında dayanıb bir-bir kitablar haqqında danışdıq. Muzeydə cəmi 39 ədəd vitrin var və kitablar növlərinə görə təsnif edilərək vitrinlər içində nümayiş olunur. Zərifə xanım burada gördüyümüz kitabların kolleksiyanın hamısı olmadığını, 2014-ci ildə aldığı bir qərarla muzeyin Azərbaycanın digər şəhərlərində də filiallarını açdığını  deyir. 2014-ci ildə Naxçıvanda muzeyin ilk filialı açılıb və burada 1.051 miniatür kitab nümayiş etdirilir. Sonra, 2016-ci ildə Gəncədə açılışı olan şöbədə 1.052, 2017-ci ildə qurulan Şəki şöbəsində isə 687 miniatür kitab nümayiş etdirilir. Beləliklə, Zərifə xanımın bu möhtəşəm kolleksiyasında yer alan miniatür kitabların cəmi 8.350 nüsxəyə çatır. Hələ də dünyanın bir çox yerindən, müxtəlif qurumlar və şəxslər muzeyə kitab yardımı göstərirlər.

Bu çox dəyərli və inanılmaz kitab kolleksiyasının bir hissəsi (2.913 xüsusi çap olunmuş miniatür kitab) 1 oktyabr 2014-ci ildə dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”a düşüb.

Zərifə Salahovanın bu çox qiymətli miniatür kitab kolleksiyası bu günə qədər, Qabil /Əfqanıstan (1988), Dəkkə /Banqladeş (1991), Hayfa / İsrail, (1994) Şanxay / Çin (1995 və 2010), Moskva / Rusiya (1997 və 2000), Kiyev / Ukrayna (2000), Sidney / Avstraliya (2000), Mainz / Almaniya (2003), Ankara / Türkiyə (2005), Paris / Fransa (1999 və 2006), Sudiyyə Ərəbistanı (2007), London / İngiltərə (2009), Minsk / Belarus (2009 və 2013), Pekin / Çin (2011), Havana / Kuba (2011 və 2014) kimi dünya şəhərlərində sərgilənib.

Hazırda da yeni şəhərlərdə sərgi planları üzərində işlər gedir.

miniatür kitab kolleksiyası yaratmaq ideyası necə yaranır?

Zərifə xanım kolleksiya hekayəsinin başlanğıcını belə nəql edir:

1982-ci ilin noyabr ayında Moskvada Kitabsevərlərin Könüllü Həmkarlar İttifaqının bir tədbirinə qoşuldum. Burada 1835-ci ildə nəşr olunan I Krylovun nağıllarının tam kolleksiyanın miniatür nəşrini 23 Rubl ödəyərək satın aldım. Bu müdhiş kolleksiya hekayəsi də elə buradan başlayır. Beləcə, 35 ildə 8.000-dən çox miniatür kitab satın alaraq kolleksiyamı inkişaf etdirdim.

Kitab kolleksiyasını  ilk olaraq  Bakıda milli tədbirlərin keçirildiyi məkanların foyelərində göstərməyə başlayır. Belə tədbirlərin birində kolleksiya Azərbaycan ümummilli lideri Heydər Əliyevin diqqətini çəkir. Prezident onun haqqında yaxından maraqlanır və Zərifə xanımdan ətraflı məlumatlar alır.

2001-ci ildə Heydər Əliyevin tapşırığı ilə "Mədəni İrsimiz" adlı iki cildlik bir kitab layihəsi hazırlanır. H. Əliyev sözügedən kitabda Zərifə Salahovanın kitab kolleksiyasının da mütləq yer alması üçün müəllif və redaktorlara göstəriş verir. Aylar sonra, son dərəcə keyfiyyətli hazırlanan iki cildlik kitablar Heydər Əliyevə təqdim olunanda, O, kitabın məzmununda Zərifə Salahovanın yer almadığını görür. Dərhal yeni bir sərəncamla kitabların bu şəkildə yayımlanmasını əngəlləyir və kitablar yenidən Zərifə Salahovanın da yer alacağı şəkildə hazırlanır.

Bu gün gəzdiyimiz Miniatür Kitab Muzeyinin İçərişəhərdə olan bu gözəl məkanı da Heydər Əliyevinin sərəncamı ilə 2002-ci ildə təsis edilib.

Muzeyin 23 aprel 2002 tarixində açılmasının xüsusi bir mənası da var. W. Şekspir 23 aprel 1616-ci ildə dünyasını dəyişib. Bu səbəbdən həmin günü YUNESKO bütün dünyada "Beynəlxalq kitab və müəllif hüquqları günü" elan edib. Məhz buna görə, Zərifə xanım muzeyin bu tarixdə açılmasını xüsusi olaraq planlaşdırıb. O gündən bu günə, muzey, dünyanın ilk və tək miniatür kitab muzeyi olaraq qalır. Muzeydə yer alan ən kiçik kitab isə, Yaponiyada çap edilən 0,75 x 0,75 mm ölçülü “Dörd mövsüm çiçəkləri” adlı kitabdır.

Söhbətimizin sonunda Zərifə xanım mənə kolleksiyanı Ankaradan (2005) sonra bu dəfə də İstanbulda nümayiş etdirməyi çox istədiyi dedi. Mən də bu işdə ona əlimdən gələn dəstəyi göstərəcəyimə söz verdim.

Muzeydən ayrılanda isə böyük bir incəliklə mənə 2015-ci ildə Bakıda keçirilən Olimpiya Oyunları üçün hazırlanan mini kitabı hədiyyə etdi. 

Mədəniyyət elçisi Zərifə Salahovayı salamlayaraq, kitabların və bu gözəl insanın içimdə yaratdığı yüngüllüklə muzeydən çıxdım.

Tərcümə etdi: Rəna Nəbi