Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 09:00:00
Məktəblər nə zaman avtobuslarla təmin olunacaq?-Aradan qalxacaq  problemlər

“Məktəblərin avtobuslarla təminatı həm də nəqliyyat sıxlığını aradan qaldıracaq”

Bu sözləri AzEdu.az-a Təhsil Nazirliyinin yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 Məlum olduğu kimi, Təhsil Nazirliyi Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq müqaviləsinə əsasən, 2020-ci ilin yeni tədris ilinin başlanmasına qədər şagird sayı çox olan bir sıra məktəblərdə avtobus sisteminin təşkil edilməsi planlaşdırılır.

İlqar Orucov məktəblərin avtobusla təmin edilməsinin faydasından söz açarkən dünya təcrübəsindən də bir neçə misal çəkib:

 Cənab nazir Ceyhun Bayramov  2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında məktəblərimizin avtobusla təminatı məsələsiylə bağlı yeniliyi ictimaiyyətə açıqladı.

Dünyanın inkişaf etmiş ölkələrində,  xüsusilə Avropa, ABŞ, Yaponiyada məktəblərin avtobusla təminatı ilə bağlı  xüsusi təcrübələr var. Bu ölkələrdə şagirdlərin məktəbdən evə və evdən məktəbə çatdırılması üçün avtobuslar  təşkil edilir”.  

İlqar Orucov bildirib ki, məktəblərin avtobusla təminatı şagirdlərin  təhlükəsizliyi  üçün də çox gözəl addımdır:

“Məktəbli avtobuslarını Bakı Nəqliyyat Agentliyi təmin  edəcək. Düşünürəm ki, məktəblərin avtobuslarla təminatı həm də şəhərdəki nəqliyyat sıxlığının aradan qaldırılmasına kömək olacaq.

Bakı Nəqliyyat Agentliyi avtobusların hərəkət mexanizmini bütövlükdə sistem halına saldıqdan sonra bu prosesə start veriləcək.  Şagirdlərin məktəblərə avtomobillərlə aparılıb-gətirilməsi şəhərdə tıxacı yaradan səbəblərdən biridir.

 Biz bu  məsələni dəfələrlə işıqlandırmış, narazılığımızı bildirmişik.  Azərbaycanda maraqlı tendensiya var:  məktəblə ev arasındakı məsafə hətta 10-15 metr  olsa da valideyn övladını  şəxsi maşınla dərsə aparır. Bu da məktəblərin ətrafında çox ciddi tıxaclar yaradır.

Bu prosesə start verildikdən sonra  bir avtobus ən azı, 40 maşının məktəbə gəlməsini əvəzləyəcək ki, nəticədə  məktəb ətrafında yaranan tıxacın qarşısı alınacaq”.

“Məktəblərin avtobusla təmin edilməsi çox yüksək qiymətləndirilməlidir”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə eksperti Fuad Hacıyev deyib:

Fuad Hacıyev də məktəblərin avtobusla təmin edilməsinin faydasından danışarkən, Avropa və ABŞ təcrübəsinə toxunub:

“Məktəblərin avtobusla təminatının həyata keçirilməsi gözəl olar. Bu proses valideynlərdən əlavə sürücülərə də kömək olacaq. Məktəblərin avtobusla təminatı tıxacların qarşısını da qismən ala bilər. Çünki şəhərin mərkəzində bir neçə məktəb var ki, sırf onların qarşısındakı avtomobil sayı böyük tıxaca səbəb olur.

 Avropa və ABŞ məktəblərində “School bus” təcrübəsi geniş yayılıb. Sadəcə onlarda infrastruktur tamamilə fərqlidir. Məsələn, Finlandiyada məktəbli avtobusları dayanırsa, digər nəqliyyat vasitələri şagirdlər düşənə qədər gözləməli olur. Bu prosesin bizdə də olması inandırıcı deyil. 

 Düşünürəm ki, məktəblərin avtobusla təmin edilməsi yüksək qiymətləndirilməlidir. Lakin hər şey sənəd üzərində olduğu kimi asan deyil. Fikrimcə, bu işə insanları sosial maarifləndirməklə başlamaq lazımdır. Televiziya və radiolarda insanlara bunu izah etmək gərəklidir. Daha sonra effektli olacağını düşünürəm”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları