XƏBƏRLƏR

26.01.2020 16:57
UNESKO abidələri mövzusunda beynəlxalq bədii müsabiqə

Slovakiyanın Azərbaycandakı səfirliyində ötən ilin iyun ayında Slovakiyanın Banska-Ştiavnisa şəhərində keçirilən “Dünya irsi – Gəncliyin baxışı – 2019” beynəlxalq bədii müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.

 AzEdu.az xəbər verir ki, müsabiqədə Azərbaycanı  Respublika İncəsənət Gimnaziyasının şagirdləri təmsil ediblər.

 İlk  oncə qalibləri  Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Milan Layçak  təbrik edib və onlara uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, burada istedadlı və perspektivli gənclər üçün bütün şərait yaradılıb. Diplomat əlavə edib ki, ötən il Azərbaycanda Slovakiya səfirliyinin açılması iki xalqın yaxınlaşması yolunda atılan böyük addımdır.

 Sonra Milan Layçak diqqətə çatdırıb ki, müsabiqənin əsas mövzusu UNESKO abidələri olub. Dünyanın hər yerindən olan iştirakçılar yüksək ustalıq səviyyəsi nümayiş etdirib və bu mədəniyyət nümunələrinə dair öz baxışlarını təqdim ediblər.

 Tədbirin sonunda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunub.

 Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)