XƏBƏRLƏR

10.12.2019 18:09
Balaca məktəblilərin qoca tarixlə görüşündən maraqlı anlar – Nazirlikdən vacib təşəbbüs-FOTOLAR

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə 276 nömrəli məktəbin V-VI sinif şagirdləri tarixi əks etdirən İçəri şəhərə, Qız Qalası və Şirvanşahlar sarayına ekskursiya ediblər.

Ekskursiyada 60 şagirdi  bir neçə müəllim və İçəri şəhər bələdçisi  müşaiyət edirdi.

Şagirdlər əvvəlcə Qız Qalasına baş çəkdilər. Dar, narahat pilləkənlərdən cəldliklə yuxarıya qalxır, hər mərtəbədə qarşılarına çıxan  şüşələrdə saxlanılan tarixi materiallara heyranlıqla, bir az da təəccüblə baxırdılar.

Şagirdlərin bəzilərinə bu dar pilləkənlər artıq tanış idi. Valideynləri Qız Qalası ilə onları tanış etmişdi. Elə həmin uşaqlarda özgüvən, bələdçi ədası hiss olunur, digər yoldaşlarına da elə hey  nəsə danışırdılar.

Qalanın divarlarında onların sevinc, heyranlıq qarışıq səsləri əks-səda verirdi.

Qız Qalasından çıxanda VI sinif şagirdi Muradov Mustafaya yaxınlaşdım, o, bizimlə öz təəssüratlarını paylaşır.

“Bura ikinci dəfədir gəlirəm. Amma birinci dəfə valideynlərimlə gələndə ancaq birinci mərtəbəni görə bilmişdim.  İndi isə hər yerin gəzdik və həm də  sinif yoldaşlarımla gəzinti daha maraqlıdır. Qala haqqında çoxlu məlumatlar əldə etdik.  Ən maraqlısı isə Qalanın həm sığıncaq, həm rəsədxana kimi istifadə olunması barədə öyrəndiklərimizdir. Düşmənlərin gəlişini məlumat vermək üçün qalanın yuxarısında od yandırarmışlar.  Müəllim bizə deyəndə ki, sabah müzeyə gedəcəyik çox sevinmişdim. Ümumiyyətlə, tarix fənnini, xüsusilə, Azərbaycan tarixini çox xoşlayıram. Çünki onu oxuyanda bizim olmadığımız zamanlar haqqında məlumat əldə edə bilirik.

Daha sonra bələdçini izləyərək, Şirvanşahlar sarayına üz tuturuq. Şagirdlər hərisliklə hər divara, daşa nəzər yetirir. Biri  o birinə nəyisə göstərməyə çalışır.  Küçədə qaçışır, müəllimlər də onları aradabir keçən maşınlardan, yıxılmaqdan qorumağa çalışırlar. Bu küçənin hətta pişikləri də onlara qəribə, qeyri-adi görünür: “Pişiyə baxx!”( təəccüblü səslə) şagirdlərdən birinin səsi eşidilir.

Yolda  V sinfin rəhbəri Səidə Məmmədova ilə söhbətləşirik.

O, bu tədbirlərin təqdirəlayiq olduğundan danışır, Təhsil Nazirliyinə təşəkkürünü bildirir:

“Uşaqlar üçün buraya gəlmək  çox maraqlı oldu. Onların çoxu buranı görməmişdilər.  Həmin uşaqlara daha çox ləzzət edir. Hər şey haqqında soruşur, hər detalla maraqlanırlar. Hər halda tarix müəllimləri də uşaqlardan bu haqda soruşacaq, müzakirələr aparacaqdır. Sizi inandırım ki, dünən 6-7 şagirdim xəstə olduğu üçün dərsə gəlməmişdi. Amma indi onların hamısı bu gün burda iştirak edir. Onların valideynləri zəng vurur ki, uşaqlar qızdırmalı idilər, amma təkid etdilər ki, muzeyə gedirik.  Valideynlər çox vaxt fərqli səbəblərdən övladlarını muzeylərə  apara bilmir. Təhsil Nazirliyinə təşəkkür edirik ki, belə ekskursiyalarla şagirdlərimizi həm sevindirir, həm də tarixi məkanlarla tanış edirlər”.

Elə bu məqamlarda şagirdlərdən biri müəllimdən soruşur: “Müəllim, ocağa gedirik?”

Sinif rəhbəri üzündə təbəssüm  şagirdinə getdikləri yer haqqında, yəni muzey barədə məlumat verir. Küçələrdən burula- burula keçdikcə oğlanlar qarşılarına çıxan adamlara “əsgər salamı” verirlər. Bu insanların da xoşuna gəlir. “Gələcəyin əsgərləri”, “igidlər” deyərək onlarla salamlaşıb, sağollaşırlar.

Və beləlikə, Şirvanşahlar sarayına çatırıq. Sarayın qapısından içəri daxil olan kimi şahın xidmətçilərinin gündəlik həyatını əks etdirən filmə diqqətlə baxırlar. Hətta onların bəziləri filmdəki insanların həqiqi olub , olmadığını da soruşur. Bələdçi isə onlara bəzi məlumatlar verir.

“ İki şir və onların arasında bir öküz başının və ətrafında günəş və ay simvolunun təsviri  Şirvanşahlar dövlətinin gerbidir. Şirlər qala divarlarını, öküz şəhəri, ay və günəş isə gecə və gündüzü simvolizə edir. Yəni istehkam divarları şəhəri gecə və gündüz qoruyur”.

Otaqları gəzdikcə uşaqlar bəzilərinin  əlində telefon bir-birlərinin və eksponatların şəkillərini çəkir. Müasir dillə desək,” instagramda” paylaşmaq  üçün materiallar hazırlayırlar.

Biz yenə şagirdlərdən birinə VI sinif şagirdi Hüseynova Arzuya yaxınlaşırıq .O, bizlə təssüratlarını bölüşür.

“Təhsil Nazirliyinə belə bir ekskursiyanı təşkil etdiyinə görə təşəkkür edirik. Qız Qalasına daxil olmamışdan əvvəl ətrafındakı abidələr haqqında çoxlu məlumatlar əldə etdik.  Artıq bilirəm ki, Qala 8 mərtəbəli, 100 pilləkənli, hündürlüyü isə 31 metrdir. İçərisi isə həqiqətən də çox gözəl idi. Şirvanşahlar sarayı da qədimi xalçalar, eksponatlarla bəzədilib. Mən bura gəldiyim üçün çox məmnunam. Bura ilk gəlişim deyil. Ailəmlə bir dəfə də gəlmişdik. Son mərtəbəyə qədər qalxıb, çoxlu şəkillər çəkmişdik. Amma sinif yoldaşlarımla ilk dəfədir gəlirəm və bu dəfə daha çox məlumat əldə etdim. Çünki bələdçi bizə çoxlu məlumatlar verdi. Evə gedəndə də internetdə daha çox məlumat əldə etməyə çalışacam”.

Saraydan çıxdıqdan sonra VI sinif rəhbəri Şəhla Cəfərovanın da fikirlərini öyrənməyə çalışdıq. O, belə təşəbbüşlərin əhəmiyyətindən danışdı:

“Təssüratlarım həqiqətən də çox superdir.  Təhsil Nazirliyinə təşəkkür edirəm. Valideynlər özləri uşaqları gətirəndə xeyli xərc çıxır. Gediş haqqı, muzeylərə giriş və s.  digər xərcləri ödəyirlər. Amma indi bizi məktəbdən götürdülər və heç bir xərc olmadan bizim üçün əhəmiyyətli məkanlara ekskursiya etdik. Şagirdlərə hər şey çox maraqlı gəlirdi. Məktəbə qayıtdıqdan sonra da onların təəssüratlarını daha ətraflı öyrənəcəm”.

Bununla da şagirdlərin tarixi muzeylərə olan “hay-küylü səfəri” başa çatdı. Onlar uzun müddət, xüsusilə ,ilk dəfə burda olanlar bu günü xatırlayacaqlar.

Ayşə MÜSEYİB