Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-07 15:06:00
Müəllim neçə töhmətdən sonra işdən uzaqlaşdırıla bilər? - Məcəllədən çıxarış

AzEdu.az müəllim və direktorlara dəstək məqsədilə mütəmadi əmək müqaviləsinin ləğvini şərtləndirən amillər, sənədləşdirmə qaydaları, müqaviləyə xitam verilərkən işçinin hüquqları və s. kimi mövzularda yazılar yayımlayır. Bu kimi sualların cavabını bilmək növbəti günlərdə direktorların işə qəbul müsabiqəsinin müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün də önəmlidir.

Müəllimləri maraqlandıran, direktor namizədlərə verilən suallardan biri də töhmət səbəbindən işdən çıxarılma ilə bağlıdır.

Sual:

Neçə töhmətdən sonra müəllimi işdən kənarlaşdırmaq olar?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Məcəllədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətin aşağıdakı növləri qeyd edilib:

-Töhmət vermək;

-Sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

-Kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək;

-Əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Göründüyü kimi, məcəllədə hətta birbaşa əmək müqaviləsinin ləğvi ilə bağlı bənd də qeyd edilib. Amma müəyyən şərtlər daxilində. Neçə töhmətdən sonra müəllimin dərhal işdən kənarlaşdırlması ilə bağlı isə bənd qeyd edilməyib.

Ümumiyyətlə, məcəlləyə əsasən, direktor töhmət verməzdən öncə müəllimdən izahat tələb edə, həmçinin ona xəbərdarlıq edə bilər. İzahat verməkdən imtinası müəllimə töhmət verilməsini istisna etmir.

Buna görə də xəta tərədən işçiyə ilk növbədə xəbərdarlıq edilməli, bir nəticə çıxarmazsa, töhmət verilməli, bu hal təkrarlanarsa, sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan olunmalıdır. Bu prosedurlardan, xüsusilə də sonuncu xəbərdarlıqla şiddətli töhmətdən sonra 6 ay ərzində işçi yenidən xəta işlədərsə, onu işdən azad etmək olar.

Töhmət və yaxud şiddətli töhmətdən sonra işçi 6 ay ərzində hər hansı bir xəta törətməzsə, həmin intizam tədbiri qüvvəsini itirir.

Bundan əlavə, müəllimi töhmət sayının çoxluğuna görə də işdən azad etmək olmaz. İşçi ancaq sonuncu xəbərdarlıq olunmaqla verilən şiddətli töhmətdən sonra işdən azad edilə bilər.

Qeyd edək ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Xətanın törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları