XƏBƏRLƏR

09.10.2019 14:35
Həmkarlar ittifaqı 64 fəal tələbəyə adlı təqaüd verir  

Oktyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Həmkarlar ittifaqı təşkilatlarının dövlət gənclər siyasətinə verdiyi dəstəkdən söz açan Səttar Möhbalıyev bildirib ki, bununla bağlı ATİAHİ tərəfindən müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi istiqamətində addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən çox tələbə pulsuz yeməklə təmin olunur.

Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 64 ali məktəb tələbəsinə Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Qeyd edilib ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis olunub. Həmin vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2331 tələbə bu təqaüddən yararlanıb.

İlin gənc müəllimi-Müraciət formu