Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-07 13:23:00
Ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda dərslik və metodik vəsait çap edilib

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib.

Dərsliklərin çəkisinin yüngülləşdirilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən müəyyən işlər görülüb. Ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan və bəzi məktəblərə pilot istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri biri digərinin davamı olaraq ikihissəli şəkildə tərtib edilib. Bu dərsliklərin I hissəsi birinci yarımil üçün, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Əgər bu təcrübə özünü doğruldarsa, gələcəkdə digər irihəcmli dərsliklərin də ikihissəli şəkildə tərtibi məsələsinə baxıla bilər.

Yeni dərsliklərdən biri də dünya səviyyəli “Macmillan” şirkəti tərəfindən I siniflər üçün “İngilis dili (əsas xarici dil)” fənni üzrə tərtib edilən “Happy Campers” adlı dərslik komplektidir.

Hər üç dərslik komplektinin yeni tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsi planlaşdırılır. Sınaq istifadə bu istiqamətdə həyata keçirilən ilk təcrübədir və nəticələr mütəxəssislər tərəfindən təhlil edildikdən sonra dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparılacaq və yalnız bundan sonra onlar kütləvi istifadəyə veriləcək.

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 nüsxə dərslik və metodik vəsait çap ediləcək.(Azərtac