Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 13:45:00
Almaniyada doktorantura oxumaq istəyənlərin ən çox verdikləri suallar - Cavablar AzEdu.az-da 

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Almaniyadır.

AzEdu.az bu dəfə Almaniyada doktorantura dərəcəsində təqaüdlə təhsil almaq istəyənlər üçün ən çox verdikləri suala cavabı təqdim edir:

-Almaniya universitetlərində doktorantura təhsili almaq üçün nə etmək lazımdır?

-Doktoranturaya qəbul olmaq üçün əsas şərt bakalavr və magistratura təhsilli olmaqdır. Bəzi istisna hallarda, çox qabiliyyətli müraciətçiləri yalnız bakalavr təhsili ilə də qəbul edirlər. Bundan başqa alman və ya ingilis dilini bilmək lazımdır.

-Almaniyada doktorantura təhsil almaq və ya tədqiqat aparmaq üçün hansı dili bilməliyəm?

-Almaniyada alman və ingilis dillərində təhsil almaq və tədqiqat aparmaq mümkündür. Almaniyada bir sıra ixtisas sahələri mövcuddur ki, burada oxumaq üçün alman dili bilikləri tələb olunmur. “DAAD-Datenbank für Internationale Programme” səhifəsində Almaniyada ingilis dilində təklif olunan bakalavr, magistr və doktorantura proqramları haqqında məlumat ala bilərsiniz. Həmçinin  www.study-in-germany.de səhifəsində ingilis dilli ixtisaslar haqqında məlumat var.

-Almaniyada doktorantura və tədqiqat aparmaq istəyirəm. Alman professorundan dəvət məktubu olmadan DAAD təqaüd proqramına müraciət edə bilərəm?

-Dəvət məktubunu, digər sənədlərlə birlikdə  son müraciət tarixinə qədər DAAD Bakı Məlumat Mərkəzinə təqdim etməlisiniz. Dəvət məktubunun gec təqdim olunması ilə bağlı DAAD güzəşt etmir.

-Əgər artıq Almaniyada oxuyuramsa, təhsilə başladıqdan sonra DAAD təqaüdünə müraciət edə bilərəm?

-Əgər Almaniyada olduğunuz müddət 15 aydan çox deyilsə, DAAD təqaüdünə müraciət edə bilərsiniz. Təqaüd aldığınız halda bu Almaniyada magistr və ya doktorantura təhsilinin ikinici ili üçün nəzərdə tutulacaq. Nəzərə alın ki, təqaüdü almaq üçün şərtlərdən biri müsahibədən keçməkdir və bunun üçün Azərbaycana gəlməlisiniz.

-DAAD imtahanlarını harada və nə vaxt verməliyəm?

-DAAD imtahanları mövcud deyil. Təqaüd proqramında iştirak etmək üçün dil imtahanı verməlisiniz. Alman dilli ixtisası seçdiyiniz halda alman dili sertifikatını təqdim etməlisiniz. TestDaF (Test Deutsch als Fremdsprache), DSH dil imtahanından ("Deutschen Sprachprüfung für den Hochschulzugang ausländischer Studienbewerber“) uğurla keçməklə dil sertifikatı əldə etmək mümkündür. Əgər sənəd verdiyiniz müddətdə  qeyd olunan sertifikatınız yoxdursa bu zaman onSET testini verməlisiniz.

Almaniya universitetlərində ingilis dilində təhsil almaq istəyirsinizsə, bu zaman alman dilini bilmək mütləq deyil. Universitetlər belə hallarda əsasən ingilis dili sertifikatı tələb edirlər (TOEFL, IELTS və s.). Təhsil üçün dil imtahanında nə qədər bal toplamağınız ali məktəbdən asılıdır. Qeyd edək ki, bəzi ixtisaslar həm alman, həm də ingilis dili tələb edirlər. Buna görə seçdiyiniz universitetin internet səhifəsinə daxil olub, məlumatları dəqiq oxuyun.

Günel Yaşarqızı
Müəllifin digər yazıları