Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 11:10:00
Gəncəli məzunlar qəbul imtahanlarında yüksək nəticə göstərdi - 1178 şagirdi tələbə adını qazandı  

2018-2019-cu tədris ili üçün Gəncə şəhər ümumtəhsil məktəblərinin məzunları uğurlu nəticələri ilə yeni tədris ilinə başlayacaqlar.

Gəncə şəhər Təhsil Şöbəsindən AzEdu.az-a bildirilib ki, 2018-2019-cu tədris ilin məzunlarının əksəriyyəti tələbə adını qazanıb. Ali məktəblərə daxil olmaq üçün sənəd verən 2336 nəfər məzundan 2023 nəfəri ali təhsil müəssisələrinə sənəd verib, onlardan 1178 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Qəbul imtahanlarında məzunlardan 255 nəfəri 500 baldan, o cümlədən 82 nəfər 600 baldan yuxarı nəticə göstərib. Şəhər üzrə ən yüksək nəticəni C.Cabbarlı aına 6 nömrəli tam orta məktəbin məzunu Dilarə Hüseynova göstərib. Belə ki, D.Hüseynova 679 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi  ixtisasına qəbul olub.

Təhsil aldığı müddətdə yüksək nəticələrinə görə tam orta təhsili fərqlənmə attestatı ilə bitirən Dilarə öz sevincini AzEdu.az-la bölüşüb:

“Həyatda hər kəsin bir hədəfi olmalıdır. Həyatımızın sonunda harada olacağımızı bilmək istəyiriksə, haraya getdiyimizi bilməliyik. Buna görə də, özümüzə doğru hədəflər müəyyənləşdirməliyik. Hədəfə çatmaqda bizə yolumuzu müəyyənləşdirməyə, aldığımız təhsil, iradəmiz, əzim və qərarlı olmağımız kömək edəcəkdir. Hər zaman həkimlik peşəsinə məndə böyük maraq olub. Ən böyük arzum həkim olmaq, insanların ümidlərini doğrultmaq olub. Bugünə qədər bizlərdən gözlənilən yaxşı bir övlad və uğurlu bir şagird olmaq idi. Ancaq bundan sonra bütün bunlarla yanaşı yaxşı bir vətəndaş olmağı da əlavə etməliyik. Əgər bügunədək, yaxşı təhsil alıb, verilən imkanlardan istifadə edə bilmişiksə, artıq vətənimiz üçün olan borcumuzu ödəməli işimizin peşəkarı olaraq xalqımıza xidmət etməliyik. Yaxşı təhsil alıb, şəxsiyyət kimi formalaşmağımda əməyi olan bütün müəllimlərimə təşəkkür edirəm.”

Qəbul imtahanında yüksək nəticə göstərən məzunlardan digər biri isə Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbi bitirən Səbinə Alıyeva III ixtisas qrupu üzrə 668 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.

S.Alıyeva göstərdiyi yüksək nəticəsi üçün təhsil almış olduğu ümumtəhsil məktəbinə və valideynlərinə öz minnətdarlığını bildirib:

“Haqq-ədalət, dürüstlük, vicdanlılıq uşaqlıqdan valideynlərimiz daha sonra isə müəllimlərimiz tərəfindən bizə aşılanıb.İllər keçdikcə mən haqq-ədalət carçısı yəni hüquqşünas olmağa qərar verdim. Bunun üçün çox çalışdım, həm bir şəxsiyyət olmaq, həm dünyagörüşümü inkişaf etdirmək üçün mütəmadi olaraq dərsdən əlavə mütaliə edir, bədii kitablar oxuyurdum. Düşünürəm ki, şagirdlər yalnız dərslərini çalışmaqla kifayətlənməməli, həmçinin özlərini inkişaf etdirməlidirlər. Hüquqşünaslıq ixtisasına qəbul olduğumu öyrəndiyim an çox sevindim, bu sevinci bütün şagirdlərə arzu edirəm.”

Bundan əlavə Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinfini bitirən məzunlar qəbul imtahanlarında tam nəticə göstəriblər. Belə ki, məktəbin XI1 sinfinin 21 nəfər məzununun hər biri tələbə adını qazanaraq respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Həmin məktəbin XI2 sinfinin məzunu olan 20 nəfər də qəbul imtahanında tam nəticə əldə edib. Paralel təhsil aldıqları sinif yoldaşlarında heç də geridə qalmayan məzunların hər biri tələbə adını qazanıb. İki sinifin məzunu olan şagirdlərdən 10 nəfəri 600 baldan yüksək nəticə göstərib. Həmin məzunlar həmçinin, fərqlənmə attestatına da layiq görülüblər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları