XƏBƏRLƏR

01.08.2019 13:56
Türkiyədə elmi dərəcə və adların verilməsi təcrübəsi: Anqlo-sakson və Qitə Avropası modellərinin sintezi

Türkiyə elmi dərəcə və adların verilməsində ABŞ və Fransa modellərinin bir sıra cəhətlərini özündə əks edirən özünəməxsus bir modeldən istifadə edir.

 İlk növbədə, ölkədə elmi dərəcə və adların verilməsini tənzimləyən mərkəzi bir qurum – Universitetlərarası Şura (UAK) fəaliyyət göstərir. Şura universitet rektorları ilə hər universitetin senatı tərəfindən 4 il üçün seçilən 1 professordan formalaşır.  Rektorlar Şuraya növbəlilik prinsipi ilə bir il sədrlik edir. Şura ölkədə “doktor (PhD)” elmi dərəcəsinin verilməsini qaydalarını müəyyən edir, xaricdən alınan elmi dərəcə və adların nostrifikasiyasını həyata keçirir və “dosent” elmi adını verir.

 Türkiyədə yeganə elmi dərəcə kimi “doktor (PhD)” elmi dərəcəsi tətbiq edilir. Bu dərəcə ən azı 4 semestrlik doktorantura təhsil proqramının sonunda orjinal elmi tədqiqat olan dissertasiyanın yazılıb müdafiə edilməsi ilə əldə edilir. Doktorantura təhsili qanunvericilik və Universitetlərarası Şuranın müəyyən etdiyi əsaslar üzrə həyata keçirilir, dissertasiyalar universitetlərin yaratdığı müdafiə şuralarında müdafiə edilir və doktorluq dərəcəsi diplomu da fakültə dekanı və universitet rektorunun imzası ilə verilir.

 Doktorantura təhsili alanlar təhsil aldıqları müddət ərzində Universitetlərdə “asissent” kimi çalışa bilirlər. “Doktor (PhD)” dərəcəsi alındıqdan sonra “doktor müəllim (doktor öğretim üyesi)”, “dosent (doçent)” və “professor (profesör)” elmi vəzifələrinə yüksəlmək mümkündür.

 “Doktor müəllim (doktor öğretim üyesi)” elmi vəzifəsini (adını) tutmaq üçün universitetlərin elan edilmiş boş ştat yerlərinə müraciət edilir. Qanunvericiliyə uyğun olaraq dekan ərizəçilərin sənədlərini rəy almaq üçün 3 professor və ya dosentə göndərir. Dekan rəyləri yığdıqdan sonra Fakültə Elmi şurasının da rəyini alır və Rektora təyinat üçün təklif verir. Rektor namizədi ən çox 4 illik müddət üçün bu vəzifəyə təyin edir. Vaxt bitdikdən sonra təkrar təyinat mümkündür. Universitetlər namizədlər üçün qanunvericilikdə nəzərdə tutulan tələblərdən əlavə tələblər də müəyyən edə bilir.

 Türkiyədə “dosent” elmi adını Universitetlərarası Şura verir. Şura bu məqsədlə ildə iki dəfə iddiaçıların ərizələrini qəbul edir. İddiaçının doktorluq dərəcəsi, xarici dildən müvafiq imtahan nəticəsi, müəyyən say və keyfiyyətdə orijinal elmi əsərləri olmalıdır. Bu sənədlər 5 nəfərlik imtahan komissiyasına təqdim edilir. İmtahan komissiyası rəylərini Şuraya təqdim edir. Bundan sonra Şura “dosent” elmi adının verilməsi haqqında qərar qəbul edir və namizədə Universitetlərarası Şura sədrinin imzası ilə dosent sertifikatı verilir. Ancaq universitetlərin dosent ştatlarına təyinat yenə də elan yolu ilə aparılır. “Dosent” elmi adını alanlar universitetlərin elan etdikləri boş dosent ştatları üçün ərizə ilə müraciət edirlər. Rektor ərizələri qiymətləndirmək üçün 3 professordan ibarət komissiya yaradır, onların rəylərini və Universitet İdarə heyətinin rəyini aldıqdan sonra təyinatı həyata keçirir. Universitetlər dosent vəzifəsi üçün qanunvericilikdə nəzərdə tutulanlardan  əlavə şərtlər də müəyyən edə bilir.

 “Professor” Türkiyədə ən yüksək elmi ad (vəzifə) hesab edilir. Qanunvericiliyə əsasən dosentlikdən sonra ən azı 5 il müvafiq istiqamət üzrə işləyənlər və orijinal tədqiqatlar aparanlar bu vəzifə üçün müraciət edə bilirlər. Müraciət ərizələrində tədqiqatlarının birini başlıca tədqiqat əsəri kimi göstərirlər. Universitetlər bu vəzifəni tutmaq üçün əlavə şərtlər də müəyyən edə bilir. “Professor” boş ştatlarına elan Rektorluq tərəfindən verilir. Universitet İdarə Heyəti iddiaçıların sənədlərini 3-ü kənardan olmaqla 5 professora göndərir. Professorlar rəy yazır, rəylər İdarə Heyəti tərəfindən qiymətləndirilir və Rektor bunları nəzərə alaraq təyinatla bağlı qərarını verir.

 Göründüyü kimi, Türkiyə universitetlərində “doktor (PhD)” elmi dərəcəsi diplomu, “doktor müəllim” və “professor” sertifikatları universitetlər tərəfindən verildiyi halda, “dosent” sertifikatı Universitetlərarası Şura tərəfindən verilir.

 Elşən BAĞIRZADƏ,

iqtisad üzrə fəlsəfə doktoru,

Orta Doğu Teknik, Hacettepe, Dokuz Eylül və Uludağ universitetlərinin keçmiş qonaq alimi

 

İlin gənc müəllimi-Müraciət formu