XƏBƏRLƏR

14.05.2019 10:50
Bağça müdirini kim və nəyə əsasən təyin edir? – Təhsilin ilkin idarəsi

Vaxtaşırı təhsil islahatları ilə bağlı təkliflər eşidirik. Çoxları bu islahatları kökündən həll edilməsi üçün ta əvvəldən, məktəbəqədər təhsildən başlamağı effektiv hesab edirlər.

Digər tərəfdən, istənilən islahatın nəticə verməsi üçün idarəçilik prinsipləri əsasdır. Müəssisənin peşəkar fəaliyyəti isə birbaşa onun idarəedicisi ilə bağlıdır.

Azərbaycanda xeyli özəl və dövlət məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

Bəs, onların rəhbərləri necə təyin olunurlar? Ümumiyyətlə, kimlər bağça rəhbəri ola bilər?

AzEdu.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlara və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

Ölkəmizdə mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl bağçalar fəaliyyət göstərir. Bağça təsisçisi də dövlət, bələdiyyələr, Azərbaycanın fiziki və hüquqi şəxsləri ola bilərlər.

Bağça rəhbərini kim, nəyə əsasən təyin edir?

Bağça rəhbəri mütləq ali ixtisas təhsili və ya ali pedaqoji təhsilə malik və təhsil sahəsində təcrübəsi olan şəxs olmalıdır. Bu zaman ali ixtisas təhsili olanlara üstünlük verilir.

Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Bələdiyyənin təsis etdiyi məktəbəqədər təhsil müəssisəsinin rəhbərini isə bələdiyyə təyin edir. Özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisinin seçdiyi şəxs həyata keçirir.

Bağça rəhbərinin səlahiyyətləri isə onun nizamnaməsi ilə müəyyənləşir.

Bağça necə idarə olunur?

Məktəbəqədər təhsil müəssisəsində ictimai əsaslarla özünüidarə orqanları - ümumi yığıncaq, pedaqoji şura, qəyyumlar şurası, valideyn şurası yaradılır.

Dövlət bağçasının ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində isə ali idarəetmə orqanı oranın nizamnaməsi ilə müəyyən olunur.

Bağça rəhbərinin kimliyindən asılı olmayaraq müəssisə əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

Qeyd eədk ki, bağça rəhbəri müəssisə işinin təşşkilinə nəzarət etməli, yeri gəldikdə uşaqlarla ayrı-ayrılıqda maraqlanmalıdır. O, bağçanın maliyyə, investisiya, beynəlxalaq, əməkdaşlıq mülkiyyət münasibətlərini tənzimləməli, kadrların işlərini düzgün yerinə yerirdiklərinə əmin olmalıdır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu