Ötən gün “Azərbaycan müəllimi” ilə AzEdu.az Təhsil Portalının birgə keçirdiyi "İlin Gənc Müəllimi-2023" müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib.
Ölkənin müxtəlif bölgələrindən qalib olan iştirakçılar toplaşaraq Şuşaya- Mədəniyyət paytaxtımıza yola düşüblər. “İlin gənc müəllimləri” burada Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə diplomla təltif olunublar.
Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəbin Biologiya müəllimi Şəfa Həsənova Şuşa təəssüratlarını AzEdu.az-a bölüşüb:
“Şuşanı ilk dəfə görən insanların keçirdiyi hissləri müşahidə etmək mənim üçün çox maraqlı olub.
İnsan ilahi gözəlliklə qarşılaşdıqda onun öz duyğuları ilə gözəlliyə verdiyi cavab reaksiyası insanın mənəvi aləminin güzgüsüdür. Mən çox xoşbəxtəm ki, Şuşada həm bu ilahi gözəlliklə qarşılaşdım, həm də Şuşanı ilk dəfə görən insanların keçirdiyi hissləri müşahidə etdim.
1992-ci ildə mənim 8 yaşım var idi.O il mənim həyatımın ən ağır ili olub,çünki həmin ildə mən həm atamı, həm də Vətənimin Xocalısını, Kəlbəcərini, Şuşasını Həmin ildə mən keçirdiyim hislərimi, duyğularımı öz kiçik qəlmimlə bir şeirdə ifadə etdim.
Babəkin yurdunu yadlara satan
Namusu ,qeyrəti itlərə atan
Neçə-neçə mərdi qablara qatan
Namərdləri zəlil görmək istərəm
Zəngilan,Qubadlı,Laçın elini
Yurduma uzanan namərd əlini
Düşmənə “dost”deyən xain dilini
Kökündən kəsilən görmək istərəm
Eyvazlar anası, Nigar diləkli
Nəbilər sonası, Həcər ürəkli
Koroğlu timsallı,polad biləklik
Dəli Həsənləri görmək istərəm
Nəğmələr beşiyi Şuşa elində
Xanın şikəstə deyən dilində
Üzeyir yurdunda, Banu elində
Bülbülün özünü görmək istərəm
Sığışmaz kədərim heç bir araya
Bilmirəm baş alıb gedim haraya?
Xalqımın qəlbinə dəyən yaraya
Məlhəm olub şəfa vermək istərəm.
Mən şagird olduğum dövrdə həmişə tədbirlərdə iştirak etmişəm. Həmişə vətənpərvər ruhda hazırlanan tədbirlərdə o duyğuları yaşayırdım. İllər keçdi mən həm şərəfli, həm də çətin olan müəllimlik peşəsinə yiyələndim. Mənim üçün çox qürurlu indiki rayonumuzun milli qəhrəmanı İlham Müzəffər oğlu Əliyevin adını daşıdığı, həm də özüm məzunu olduğum məktəbə təyinat almışdım.
İlk məqsədim şagirdlərə vətəni sevdirmək ,onları vətənpərvər ruhda yetişdirmək idi. Çox xoşbəxtəm ki, bu məqsədimə nail oldum. Mən həmişə şagirdlərimlə vətənpərvərlik ruhda tədbirlər hazırlayırdım və onların keçirdiyi hisslərlə yeni dünyalar kəşf edirdim.
Nəhayət zaman gəldi dəmir yumruq birləşdi, zəfər savaşı başladı. Bu savaşa illər öncə bir şagird olaraq mənim həmin cümləmi eşidən şagirdlərim də qoşuldu. Qəhrəmancasına döyüşdülər, öz qəhrəmanlıqları ilə Zəfər tarixi yazdılar.
8 noyabr 2020-ci il... Bu tarixdə iki hiss yaşadım. Biri sevinc, digəri isə kədər idi.
Ali baş komandanın xalqa müraciətində “Şuşasız bizim işimiz yarımçıq olar!”, “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəciyik!” Cümlələrini eşidəndə sevinc göz yaşlarım axdı. Amma həmin gün məktəbimizin məzunu Həsənov Novruz Cumalı oğlunun şəhid olduğunu eşitdikdə kədər göz yaşlarım axdı. Həmin an ilk xatırladığım şagirdlərimə dediyim cümlə oldu “Allahın gözəl əsərinə tamaşa edə - edə Şuşanı qoruyan- qoruyacaq.”
11 sentyabr 2024-cü ildə yaşadığım duyğular, keçirdiyim hisslər isə tam başqa oldu. “İlin gənc müəllimi- 2023” müsabiqəsinin qalibi olmaq, Şuşada təltif olunmaq mənim üçün çox gözlənilməz oldu. İlahi gözəlliklərlə qarşılaşan zaman yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil .Bir qalib müəllim kimi Şuşada olmaq mənim üçün çox qürurverici idi. O torpağa addım qoyanda orda başım üstə Novruzun ruhunun pərvazlandığını hiss etdim və ilk duyğum o oldu ki, Şuşanı qoruyanlar – qorudu !
Ruhunuz qarşısında baş əyirəm Şuşanı qoruyanlar! Siz bizim qürur yerimizsiz!
Həmçinin Şuşada ilk dəfə olan həmkarlarımın duyğularını müşahidə etdim.
Bu gözəl hissləri bizə yaşatdığı üçün AzEdu Təhsil Portalının bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
Hamıya Şuşanı görmək, Şuşa sehrinə düşmək arzularıyla...".