Aprelin 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İspaniya Krallığının ölkəmizdəki səfirliyi, Təhsilin Beynəlxalqlaşdırılması üzrə İspan Xidməti (SEPIE) və Jaen Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.
ADNSU-nun rektoru dosent Rüfət Əzizov qonaqlara universitetin tarixi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq əlaqələri, eləcə də ikili diplom proqramları haqqında ətraflı məlumat verib. İspaniya universitetləri ilə potensial akademik əməkdaşlığın vacibliyinə toxunan rektor, dosent Rüfət Əzizov birgə elmi tədqiqat layihələrinin, tələbə, müəllim mübadiləsi və mobillik proqramlarının, həmçinin akademik heyət üçün bacarıqların artırılmasında maraqlı olduğunu deyib.
Qonaqlar İspaniyanın Təhsil Nazirliyi ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında nəzərdə tutulan ikitərəfli memorandumdan, potensial akademik əməkdaşlığın araşdırılmasından və görülə biləcək işlərdən söz açıblar.
Görüşdə, eyni zamanda, gələcək mübadilə proqramları üçün viza prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi üçün səfirlik tərəfindən dəstəyin göstəriləcəyi vurğulanıb və birgə uzunmüddətli elmi əlaqələrin və tədqiqatyönümlü layihələrin işlənməsinin əhəmiyyətindən danışılıb.
Sonda qonaqlar ADNSU-nun Tarix muzeyinə gedərək burada neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.