Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 16 fevral 2025-ci il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçiriləcək.
Bəs görəsən, bakalavrların daha yaxşı nəticə əldə etmələri üçün nə etməlidir? Bunun üçün nələrə diqqət etməlidir?
AzEdu.az Təhsil Portalı olaraq ötənilki magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Aytac Əsgərova ilə əlaqə saxladıq.
A.Əsgərova keçən il magistraturaya qəbul imtahanından essedən maksimum 5 bal olmaqla, ümumi 96 bal toplayıb.
Yüksək bal toplamağın sirri məqsədyönlü və planlı hazırlıqdan, həmçinin düzgün müəllim seçimindən asılı olduğunu qeyd edən Aytac Əsgərova bundan əlavə, motivasiyanı qoruya bilmək və stressi idarə etməyin də vacib olduğunu deyib:
"Yüksək bal toplamaq üçün imtahanlara planlı və sistemli şəkildə hazırlaşırdım. Müəllimlərim mənə bu yolda çox dəstək göstərirdilər. Vaxt bölgüsünə gəldikdə isə, gündəlik və həftəlik planlar tərtib edirdim. Daimi təkrarlara və öyrəndiklərimi tətbiq etməyə xüsusi önəm verirdim. Əvvəlki illərin sualları üzərində çalışaraq lazımi mövzulara daha çox diqqət ayırırdım. Ən çox ailəmin və müəllimlərimin dəstəyindən güc alırdım. Ölkə birincisi olacağıma onlara söz vermişdim və bu sözü tutmaq mənim üçün ən böyük motivasiya idi".
Həmsöhbətimiz söyləyib ki, imtahanda ilk olaraq informatika fənnini cavablandırmaqdan başlayıb:
"Mən ilk növbədə informatika fənnindən başlamışdım, çünki informatika müəllimim mənim üçün çox əmək sərf etmişdi və ən çox onun fənnindən yüksək nəticə əldə edib onu sevindirmək istəyirdim. Ən sonda isə ingilis dilini yazmışdım. Bu, əslində, ingilis dili biliyimə çox güvənməyimdən irəli gəlirdi.
Təxminən 5 dəqiqə ərzində mətn və qrammatika suallarının hamısını yaza bildim və səhvsiz yazdığıma əmin idim. İngilis dili biliyimə güvənməyimin səbəbi Bakı Ali Neft Məktəbində 5 il ərzində ingilis dilində tədris almağım idi. Eyni zamanda IELTS imtahanı üzrə 8.5 bal toplamış olmağım mənə essedən də maksimal bal alacağıma dair əminlik verirdi.
Topladıqları baldan asılı olmayaraq, bakalavrlara hər iki cəhd imtahanında iştirak etmələrini tövsiyə edirəm. Sadəcə 1 bal belə ixtisas seçimində onlar üçün çox önəmli ola bilər".
"Hər zaman sağlam qidalara üstünlük verdiyim üçün istifadə etdiyim qidalarda və həyat tərzimdə xüsusi bir dəyişiklik yox idi",- deyə əlavə edib:
"Həmin dövrdə idmanla məşğul olacaq zamanım olmasa da, hər zaman piyada gəzməyə və təmiz hava almağa üstünlük vermişəm. Hətta daha çox təmiz hava ala bilmək üçün gedəcəyim yerə bir-iki dayanacaq öncədən enib piyada getməyə çalışıram.
Bakalavrlara tövsiyəm odur ki, göstərdikləri nəticədən asılı olmayaraq, özlərinə inanmağa davam etsinlər, çünki uğur yalnız nəticələrlə deyil, həm də göstərilən zəhmət ilə ölçülür. Bu prosesdə qazandıqları hər təcrübə onlara gələcəkdə fərqli formalarda və şəkillərdə fayda gətirəcək. İmtahanda hər birinə uğurlar arzu edirəm".