Bir müddət əvvəl xərclərin optimallaşdırılması məqsədilə məktəblərin bağlanacağı xəbəri ölkədə ciddi müzakirələrə səbəb olumuşdu. Belə ki, Milli Məclisin plenar iclasındakı çıxışlarda təxminən 4 400 məktəbdən 1500-nin bağlanılmasının planlaşdırıldığı və bunun da bəzi kəndlərin boşalmasına səbəb olacağı bildirilmişdi.
Elm və təhsil naziri Emin Əmrullayev müzakirələrə son qoymaq üçün rəsmi feysbuq səhifəsində sözügedən məsələyə aydınlıq gətirmişdi.
"Hazırda ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.
Şagird sayı az olan məktəblərdə bir şagirdə düşən illik xərc olduqca yüksəkdir, lakin tədrisin keyfiyyəti aşağı səviyyədə qalır. Məsələn, 5 şagirdi olan bir məktəbdə hər şagird üçün illik xərc 25-27 min manat təşkil edir. Şagird sayı 10-15 nəfər olan məktəblərdə isə bu rəqəm 13-15 min manatdır ki, bu da bəzi özəl məktəblərin təhsil haqqından çoxdur.
Təhsilin keyfiyyətini artırmaq və dayanıqlı təhsil imkanları yaratmaq üçün azkomplektli məktəblərin rasionallaşdırılması mərhələli şəkildə həyata keçirilir" - deyə o qeyd etmişdi.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, ötən il xərclərin optimallaşdırılması məqsədi ilə ölkəmizdə ümumilikdə 39 məktəb ləğv edilib, 25-i yaradılıb və 4 məktəbin tipi dəyişdirilib. Bu barədə Nazirlər Kabinetinin Milli Məclisə daxil olan hesabatında bildirilib.
Belə ki, 2024-cü ildə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində 292, 333, 334, 335, 337 nömrəli tam orta məktəblər, Abşeron-Xızı Xırdalan Regional Təhsil İdarəsinin tabeliyində Xırdalan şəhər 11 nömrəli tam orta məktəbi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Şəmkir rayonu Günəşli kənd tam orta məktəbi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində Samux rayonu Seyidlər kənd tam orta məktəbi yaradılıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Tovuz şəhəri M.Ələkbərov adına tam orta məktəbi Fizika, riyaziyyat və informatika təmayüllü məktəbə çevrilib, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində Beyləqan şəhəri 8 nömrəli tam orta məktəbi Humanitar fənlər təmayüllü liseyə çevrilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayonu Çərtgün kənd ibtidai məktəbi, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 6 nömrəli, Xocalı rayon 2 nömrəli, Ağdam rayonu 149 nömrəli tam orta məktəbləri ləğv edilib.
Ümumilikdə, 2024-cü ildə 39 məktəb ləğv edilib.