Xəbər verdiyimiz kimi, 2 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Belə ki, imtahandan 23 nəfər maksimum nəticə əldə edib.
AzEdu.az yüksək bal toplayan Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fərəczadə Rəhim Dəyanət oğlu ilə əlaqə saxlayıb.
O qeyd edib ki, nəticələrini eşidən an ilk sevincini anası ilə bölüşüb:
"Əslində maksimum nəticəni əldə edəcəyimi gözləmirdim. Ailə üzvlərim və müəllimlərim 300 bal toplayacağıma inanırdılar. Lakin yenə də yüksək bal toplayacağımı düşünürdüm. 300 bal topladığımı görən zaman çox sevindim. Elə ilk dəfə bu barədə anama xəbər verdim.
İmtahan verəndən sonra SMS göndərdiyim üçün cavablar çıxan zaman telefonuma gəldi. I qrupa hazırlaşıram və istəyim Bakı Ali Neft Məktəbində (BANM) Kompüter mühəndisliyi ixtisası üzrə təhsil almaqdır.
Gələcəkdə kompüter mühəndisi olub ölkəyə yeni dəyişikliklər gətirmək niyyətindəyəm. Hədəfim Azərbaycanda texnologiya inkişafına səbəb olmaqdır. Buraxılışdan 300 bal topladıqdan sonra qəbul imtahanından hədəfim artıq 400 baldır".