Valideynlər bəzən övladının dərs prosesini daha yaxından izləməsi üçün dərslərdə iştirak edirlər. Bu da müəyyən mənada həm övlada, həm də digər şagirdlərə də öz təsirini göstərmiş olur.
Bəs görəsən, valideynin sinifdə övladını izləməsi şagirdə necə təsir göstərir?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib ki, valideynlərin övladının dərs prosesini izləmək üçün sinifdə iştirak etməsi uşağın psixologiyasına birbaşa təsir edə bilər:
“Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər və əsasən valideynin nəzarət tərzindən, uşağın xarakterindən və sinifdəki ümumi atmosferdən asılıdır. Uşaq valideyninin arxada oturduğunu görəndə özünü rahat hiss etməyə bilər. Xüsusilə, utancaq və ya həssas uşaqlar üçün bu, əlavə gərginlik yaradar və onların özünü ifadə etməsini çətinləşdirər.
Uşaq valideynin onu izlədiyini bildikdə, sanki imtahandan keçirmiş kimi hiss edə bilər. Bu, onun öz bacarıqlarına inamsız yanaşmasına və daim "Düzgün edirəmmi?" sualı ilə özünü sıxmasına səbəb ola bilər”.
“Müəllim və sinif yoldaşları ilə münasibətə təsir edə bilər”,- deyə psixoloq fikrinə əlavə edib:
“Uşaq dərsdə daha rahat ünsiyyət qurmaq əvəzinə, "Anam-atam baxır, səhv etməməliyəm" düşüncəsi ilə özünü sıxaraq sinif mühitində iştirak etməyə çəkinə bilər. Bu, sosial inkişafına da mənfi təsir edə bilər.Valideynin həddindən artıq müdaxiləsinə gətirib çıxara bilər.
Əgər valideyn bu təcrübədən sonra uşağın hər bir addımını daha çox nəzarətdə saxlayırsa, bu, uşaqda psixoloji təzyiq yarada bilər. Uşaq özünün müstəqil düşüncələrinin və qərarlarının əhəmiyyətsiz olduğunu düşünə bilər.Valideyn övladının dərs mühitini daha yaxşı anlaya bilər. Əgər valideyn sadəcə izləyici kimi iştirak edirsə və uşağa əlavə təzyiq göstərmirsə, bu, onun övladının təhsil şəraitini və çətinliklərini daha yaxşı başa düşməsinə kömək edə bilər.
Valideyn müəllimin metodlarını, dərs prosesini gördükdə, uşağın hansı mövzularda çətinlik çəkdiyini daha real şəkildə anlaya bilər və evdə ona uyğun dəstək göstərə bilər.Əgər valideyn tənqid etmədən və nəzarətçi kimi yox, sadəcə maraq göstərən bir müşahidəçi kimi iştirak edirsə, bu, uşağın özünü dəyərli hiss etməsinə səbəb ola bilər”.
Psixoloq hər dərsə gedib uşağı izləməyin düzgün olmadığını vurğulayıb:
“Bu, uşağın özünəinamına zərər verə, onu daim "yoxlanılırmış" kimi hiss etdirə bilər. Əksinə, valideynlər uşaqlarına təhsildə sərbəstlik verməli və onlara güvəndiklərini göstərməlidirlər.
Əgər uşaq dərsdə ciddi çətinlik çəkirsə, məktəbdə müəllimlə bağlı və ya sinif mühiti ilə bağlı problemlər olduğu düşünülürsə,müəllim özü valideyni bir dəfə müşahidə üçün dəvət edirsə,uşaqda sosial çətinliklər varsa və valideyn real vəziyyəti öyrənmək istəyirsə.
Bu müşahidə zamanı valideyn dərsin gedişatına qarışmamalı, uşağına müdaxilə etməməli və sonradan onu tənqid etməməlidir. Əgər valideyn bu prosesdən sonra uşağa "Sən niyə az danışdın?", "Niyə sual vermədin?", "Sən diqqətli deyildin" kimi iradlar bildirirsə, bu, uşaqda ciddi psixoloji gərginlik yarada bilər. Valideynin uşağının dərs mühitini anlamağa çalışması vacibdir, amma bunu edərkən balanslı olmaq lazımdır.
Daimi nəzarət və müdaxilə uşağın özünü ifadə etməsinə mane olur və stres yaradır. Əgər hər hansı bir narahatlıq varsa, müəllimlə əməkdaşlıq quraraq uşağa daha yaxşı dəstək olmaq mümkündür. Əsas məqsəd uşağa güvənmək, ona müstəqillik vermək və təhsil prosesində onu dəstəklədiyinizi hiss etdirmək olmalıdır”.