Hər bir ölkə özünəməxsus təhsil sistemi ilə fərqlənir.
AzEdu.az beynəlxalq arenada tanınmış ölkələrin təhsil sistemi ilə bağlı araşdırma yazıları oxuculara təqdim edir.
Bu dəfə Yaponiyanın təhsil sisteminə nəzər saldıq.
Yaponiya dünyada ən böyük iqtisadiyyata malik güclü ölkələrdən biri kimi seçilir. Belə ki,Yapon təhsil sistemi dünyada ən çox öyrənilən təhsil sistemlərindən biridir. Elm və texnologiyanın inkişaf etdiyi bu ölkənin əsas gəlir mənbələrindən biri də elə məhz elm və texnologiyadır.
Təhsilə olduqca dəyər verən bu ölkədə tibb və səhiyyə sahəsində işləyənlərin illik gəliri təxminən 80 min dollar, elm və texnika sahəsində işləyənlərin illik gəliri təxminən 70 min dollar, təhsil sahəsində işləyənlərin illik gəliri isə təxminən 60 min dollardır.
1947-ci ildə Fundamental Təhsil və Məktəb Təhsili qanunları qəbul olunub.
Burada uşaqlar 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur.
Eyni zamanda ibtidai təhsil 6 il, aşağı orta məktəb 3 il və yuxarı orta məktəb isə 3 ildir. Bakalavriat üzrə 4 il, magistratura 2 il, doktorantura isə 2 il müddətində tədris edilir.
Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində I-IX siniflərdə təhsil icbaridir.
Belə ki, 11 aylıq tədris ili apreldə başlayır və martda başa çatır. Dərslər məktəbdən asılı olaraq, həftədə 5 və ya 6 gün keçilir. Tədris ili üç semestrdən ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili verilir. Məktəblərdə vahid məktəbli forması sistemi tətbiq olunur. İbtidai məktəb şagirdlərinin məktəbli forması orta məktəb şagirdlərinin geyimindən fərqlənir.Ölkədə bütün dərsliklər pulsuzdur. Məktəblərdə alternativ dərsliklərdən istifadəyə də icazə verilir. Eyni zamanda, fənn müəllimləri də yardımçı dərslik, dərs vəsaiti hazırlaya bilərlər. Ancaq təhsili idarəetmə orqanları tərəfindən təsdiq edildikdən sonra onların istifadəsinə icazə verilir.
Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz.
Yaponiyada müəllim hazırlığına və işə qəbul məsələsinə çox ciddi yanaşılır. Müəllimlər tələbləri kifayət qədər ciddi və sərt olan imtahan verdikdən sonra işə qəbul edilir. Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olmaqla məktəbdə işlərini davam etdirirlər. Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz.
Bu müddət bitdikdən sonra prefekturadakı digər məktəbdə və ya digər prefekturadakı tədris ocaqlarında işlə təmin edilir. İş yerini dəyişən müəllimin evlə təmin edilməsi təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Yaponiyada bir çox əcnəbi dillərin, xüsusilə ingilis dilinin tədrisinin təkmilləşdirilməsi prioritet kimi qəbul edilib. İngilis dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün hökumət Yaponiya Mübadilə və Tədris Proqramı çərçivəsində ingilisdilli ölkələrdən müəllimlər dəvət edir.
Bu ölkədə bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6 illik təhsil müəssisələri fəaliyyət göstərir.
4 illik kolleclər dövlət əsaslı milli universitetlər, prefekturaların, bələdiyyələrin təsis etdiyi yerli universitetlər və özəl təhsil müəssisələrindən ibarətdir. Kollec tələbələrinin böyük əksəriyyəti əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes, hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər və pedaqoji ixtisaslar daxildir.
Ali təhsil müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil edir.
Bu xərclərin ödənilməsini təmin etmək üçün tələbələr günün müəyyən bir hissəsini işləyir və ya hökumətin dəstək verdiyi Yaponiya Təqaüd Assosiasiyasından borc götürürlər. Yerli hökumət qurumları, humanitar təşkilatlar və digər qurumlar da ali təhsil xərclərinin ödənilməsi üçün tələbələrə yardım paketləri təklif edirlər.
Yaponiyada elmin, təhsilin inkişafına göstərilən qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi yüksək əzmkarlıq ölkə həyatının bütün sahələrində özünü büruzə verir. Təsadüfi deyil ki, dünya universitetlərinin reytinq cədvəlinə görə Yaponiyanın Tokio, Kyoto, Keio, Uaseda universitetləri yüksək yerlər tutur.
Özəl təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul olanların 80 faizini təşkil edir. Bununla belə, dövlət əsaslı milli universitetlərə qəbul olunmaq da yüksək qiymətləndirilir.
Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri ilə eyni səviyyədədir.
Bu təhsil müəssisələri texniki və yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərinə bölünürlər. Kolleclərdə humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif olunur. Əksəriyyəti özəl olan bu təhsil müəssisələrinə daxil olmaq istəyənlərin sayı olduqca çoxdur.
Kolleci bitirənlər universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər. Texniki kolleclərdə natamam orta təhsili olanlar 5 il, tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat, maşınqayırma və digər fənlər tədris olunur.
Yaponiyada yeniyetmələr üçün kolleclərdə mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi, aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar kurslar təklif edilir.Bir çox kolleclər yalnız qadınlar üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər, pedaqoji, gigiyena kimi fənlər tədris olunur.
Yaponiya universitetləri:
Hokkaydo Universiteti
Kioto Universiteti
Kitasato Universiteti
Kobe Universiteti
Koyasan Universiteti
Kyuşu Universiteti
Matsuyama Universiteti
Naqoya Universiteti
Osaka Universiteti
Sapporo Universiteti
Tohoku Universiteti
Tokio Texnologiya İnstitutu
Tokio Universiteti
Vaseda Universiteti
Yokohama Milli Universiteti
Yokohama Şəhər Universiteti
Elmi-tədqiqat işlərində öz bacarıqlarını göstərə bilən ali məktəb məzunları 2 illik magistr (suşi) pilləsində təhsillərini davam etdirmək imkanı qazanırlar.
Magistr pilləsi üçün olan proqram ciddi surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram üzrə ikiillik təhsildən sonra buraxılış imtahanı verilir.
Fəlsəfə elmləri doktoru elmi dərəcəsi (nakuşi) almaq üçün magistrlər 3 il, bakalavrlar isə 5 ildən az olmayaraq əlavə təhsil almalıdırlar.
Doktorluq dərəcəsi proqramını mənimsəmiş doktorantlar 50 bal toplamalı, buraxılış imtahanı verməli, müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında dissertasiya işini müdafiə etməlidirlər.