Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-01 10:30:00
İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - İllik icmal

2018-ci il artıq sona çatdı. Ötən il  təhsil  sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı.

AzEdu.az 2018-ci ildə buraxılış, ali məktəblərə qəbul və magistratura imtahanlarıyla bağlı yadda qalan ən vacib hadisələri diqqətə çatdırır.

Bu il keçirilən qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib.

2017-ci ilin oktyabrında Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli ictimaiyyətə təqdim olunmuşdu. 

Qaydalar müəyyən dəyişikliklərlə rəsmi təsdiqini 2018-ci ilin sonlarında tapdı. Qəbul qaydalarına edilən dəyişiklik 2018-ci ilin ən vacib hadisələrindən hesab oluna bilər.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər etdi.

Qaydalara əsasən, qəbul imtahanı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə, yəni buraxılış imtahanlarında abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qəbul qaydalarına edilən və 2018-ci ildə elan olunan mühüm dəyişikliklərdən biri də xarici dil fənnindən buraxılış imtahanlarına dinləmə mətninə aid sualların əlavə edilməsi oldu.

İmtahan modeli ilə ətraflı tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://dim.gov.az/news/2819/

“Listening” suallarının, yalnız buraxılış imtahanında deyil, magistraturaya qəbul imtahanlarında da xarici dil fənninə əlavə olunması qərarı da 2018-ci ildə açıqlandı.

İlin sonlarına yaxın, bəzi imtahanların tarixləri DİM tərəfindən elan olundu.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.

Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Bir sözlə, 2019-cu ildə əsaslı dəyişikliyə məruz qalan buraxılış və qəbul imtahanı modelinin əksər vacib detalları, məhz 2018-ci ildə ictimaiyyətə elan olundu.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları