Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 15:35:00
Türkiyədə təhsil alan azərbaycanlılar vətənə qayıdaraq müxtəlif sahələrdə çalışırlar

Dekabrın 24-də Bakı Konqres Mərkəzində "Cümhuriyyətdən Cümhuriyyətə" devizi altında Türkiyə universitetlərinin azərbaycanlı məzunlarinin birinci Bakı forumu keçirilir.

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin daha da möhkəmləndirilməsidir. Eyni zamanda, Türkiyənin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlıları Bakıda bir yerə toplamaq, onların arasında əməkdaşlığı genişləndirmək, eləcə də Türkiyə məzunlarının ölkəmizin ictimai həyatında və iqtisadiyyatının inkişafında rolu ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir.

Forumda Milli Məclisin deputatları, müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizin qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov forumun ölkəmiz üçün əlamətdar tarixdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edib ki, Cümhuriyyət fədailəri tərəfindən 100 tələbənin vaxtilə xarici ölkələrə təhsil almağa göndərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə verdiyi önəmin bariz nümunəsidir. O tələbələrdən bir çoxu Türkiyə göndərilib. Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrdə elm və təhsil sahəsindəki əməkdaşlıq özünəməxsus yer tutur. Son yüz ildə Azərbaycanın elmi, mədəni, ədəbi mühitində uğur qazanan ziyalılarının arasında Türkiyə universitetlərinin bir çox məzunu da vardır. Bu ənənə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra yenidən bərpa olunub, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan gənclərinin Türkiyənin nüfuzlu universitetlərində təhsil almasına göndərilməsinə şərait yaradılıb. Bu günədək Türkiyə universitetlərindən məzun olan azərbaycanlıların sayı on minlərlədir. Hazırda Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı isə on beş mindən çoxdur.

Bildirilib ki, məzunlar arasında cəmiyyətimizin tərəqqisinə xidmət edən müxtəlif peşə sahibləri var. Onlar qardaş ölkədə yiyələndikləri bilikləri Azərbaycanda öz sahələrində tətbiq edirlər. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək müxtəlif sahələrdə çalışır, yüksəkixtisaslı kadr kimi Azərbaycanın inkişafına öz layiqli töhfələrini verirlər. Forumun səmərəli müzakirələrlə Türkiyə məzunlarının həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən İctimai Birliyinin sədri onun işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Hüseynov bildirib ki, təmsil etdiyi quqrum Türkiyə məzunlarının fikirlərini, təşəbbüslərini dinləyərək onları dəstəkləyir. O, ölkəmizdə gənclərin təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Gənclər Fondu gənclərin ideyaları ilə yanaşı, onların təhsil sahəsində layihələrini də dəstəkləyir.

Türkiyə məzunları bildiriblər ki, ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Onlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən çıxışçılar Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıblar.

Çıxış edənlər bu qayğını yüksək qiymətləndirib, Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə vurğulayıblar.

Tədbir "Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatındakı rolu" və "Türkiyə universitetləri məzunlarının Azərbaycanın iqtisadi həyatındakı rolu və yeri" mövzularında panel iclasları ilə davam edib.